Azərbaycan Tibb Universitetinin (ATU) rektorunun müşaviri, Mərkəzləşdirilmiş mühasibatlıq Şöbəsinin müdiri-Baş mühasib İlqar Mehrabov maliyyə sahəsində ali mükafatlardan sayılan beynəlxalq “LUKA” Mükafatına (LUCA Awards) layiq görülüb. Böyük Britaniyada keçirilən təqdimat mərasimində ATU-nun şöbə müdiri İ.Mehrabov “İlin baş mühasibi” nominasiyası üzrə qalib elan edilib. Mükafat Londonda baş tutan "Mühasiblərin Zirvə Toplantısı 2023" tədbiri çərçivəsində Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı - Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun (ICFM) direktoru Qarri Karter tərəfindən təqdim edilib. Tədbirdə Azərbaycanın nüfuzlu təşkilatlarının maliyyə sahəsində çalışan mütəxəssisləri iştirak ediblər və müxtəlif nominasiyalar üzrə mükafatlarla təltif olunublar.
Qeyd edək ki, LUKA mükafatının nominasiyaları üzrə namizədlər ilkin mərhələdə hər ölkədə Sertifikatlaşmış Maliyyə Menecerləri Institutunun (ICFM) nümayəndəliyi tərəfindən nəzərdən keçirilir və təsdiqlənir. Sonrakı mərhələdə namizədlərin siyahısı seçim üçün qurumun Beynəlxalq Şurasına təqdim olunur. Hər il müxtəlif nominasiyalar üzrə qaliblərə İCFM-in rəhbərliyi tərəfindən mükafat təqdim edilir.