Səhiyyə Nazirliyinin baş stomatoloqu, Azərbaycan Tibb Universitetinin elmi katibi, əməkdar həkim Nazim Pənahov Belarusda keçirilən tibb sərgisində iştirak edib. “Belarus stomatologiyası 2023” (Belarusdent) sərgisində diş xəstəliklərinin müalicəsində istifadə olunan yeni texnologiyalar və materiallar, profilaktikasında əldə olunan yeni tendensiyalar, bu sahəyə dair tibbi avadanlıqlar, diaqnostika cihazları və müalicə preparatları təqdim olunub.
Sərgi çərçivəsində həmçinin IX Beynəlxalq Stomatoloji konqres, müxtəlif ölkələrdən olan mütəxəssislərin seminarları və master-klasları baş tutub. Konqresdə stomatologiyanın aktual problemləri, ortodontiya, ağız-çənə cərrahiyyəsi, implantologiya və digər sahələr üzrə mövzulara həsr edilmiş plenar sessiyalar keçirilib.
Sərgi çərçivəsində yerli mediaya müsahibə verən ATU-nun kafedra müdiri Nazim Pənahov bu cür tədbirlərin təcrübə və bilik mübadiləsi, yeni işgüzar əlaqələrin qurulması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.
Səfər çərçivəsində professor N.Pənahov Belarus Dövlət Tibb Universitetində olub. Belarus Dövlət Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Sergey Rubnikoviç N.Pənahovu rəhbərlik etdiyi ali məktəb, universitetin tədris treyninq mərkəzi ilə tanış edib.