Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, ə.ü.f.d. Əfsanə Məmmədova “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetinin Əczaçılıq fakültəsində pedaqoji fəaliyyət göstərib.
30 oktyabr - 3noyabr aralığında reallaşan mübadilə proqramı zamanı Ə.Məmmədova Əczaçılıq fakültəsinin dekanı və Toksikoloji kimya kafedrasının rəhbərliyi ilə görüşüb.
Əməkdaşımız Əczaçılıq texnologiyası kafedrasında mühazirələr oxuyub, seminar və laborator məşğələlərdə iştirak edib. Eləcə də səfər imtahan həftəsinə təsadüf etdiyi üçün 1 və 2-ci kurslarda keçirilən yazılı və test imtahanını izləyib.
Səfər zamanı Əfsanə Məmmədova Anadolu Universitetinin Əczaçılıq texnologiyası kafedrasının müdiri, professor Ebru Başaran, Əczaçılıq kosmetologiyası bölümünün rəhbəri, dosent Evrim Akyil, Əczaçılıq biotexnologiyası bölümünün rəhbəri, professor Gülay Büyükköroğlu, Klinik əczaçılıq kafedrasının müdiri, professor Yusuf Öztürk, Farmakoqnoziya kafedrasının müdiri, professor Mine Kürkçüoğlu və digər əməkdaşlarla görüşlər keçirərək, dərs proqramları, tədris sistemi, kafedraların elmi-araşdırma istiqamətləri, magistratura qaydaları və s. müzakirələr aparıb.
Əməkdaşımız Əczaçılıq fakültəsinin müxtəlif laboratoriyalarına (əczaçılıq texnologiyası, toksikoloji kimya, farmakologiya) da baş çəkərək, ordakı təchizat və avadanlıqlarla yaxından tanış olub. Professor-müəllim heyəti ilə görüşlər zamanı elmi işlər, onların birgə yerinə yetirilməsi, magistratura təhsil səviyyəsində mübadilə proqramları və birgə nəşrlərlə bağlı söhbətlər aparılıb.
Səfər zamanı Ə.Məmmədova orada təhsil alan və məzun olan həm bakalavr, həm də magistrant azərbaycanlı tələbələrlə də görüşüb.