Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Almaniya Heidelberg Universitetinin professoru Michael Keese və universitetin Mannhaym Tibb fakültəsinin əməkdaşı, ümumi cərrah dr. Vüqar Yaqublunu qəbul edib.
Görüşdə iki ali təhsil müəssisəsi arasında perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də tibb təhsili sahəsində müasir çağırışlara dair fikir mübadiləsi aparılıb. Qonaqlara ATU-nun fəaliyyəti barədə geniş məlumat verilib.
Daha sonra rektor, professor Gəray Gəraybəyli ATU-nun “Qonaq professor”u sertifikatını M.Keeseyə təqdim edib. Rektor uğurlu əməkdaşlıq üçün professora təşəkkürünü bildirib.
Qeyd edək ki, ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018-ci ildən etibarən universitetdə “Qonaq professor” vəzifəsi təsis edilib. Hazırda 7 fərqli universitetin nümayəndələri ATU-nun “qonaq professor”larıdır. Bu titula layiq görülən mütəxəssislər müəyyən müddət ərzində universitetin müxtəlif fakültələrində dərs demək üçün dəvət olunurlar.
Onu da bildirək ki, dr. Vüqar Yaqublu ATU-da olarkən universitetin Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün "Kliniki mühakimə bacarıqları və diaqnostik səhvlər" mövzusunda çıxış edib. O düzgün diaqnoz qoyulmasının uğurlu müalicənin əsaslarından biri olduğunu deyib: “Təəssüf ki, dəqiq diaqnoz qoymaq heç də həmişə mümkün olmur. Səhv diaqnozların böyük əksəriyyəti diaqnostika zamanı koqnitiv xətalar səbəbindən baş verir. Bu proses “Kliniki mühakimə” adlandırılır, diaqnostika və müalicə zamanı ortaya çıxan bütün düşünmə və qərar vermə mərhələlərini əhatə edir. “Klinik mühakimə” praktikası tələbələrin daha məsuliyyətli və yetkin həkimlər olmasına kömək edir”.