Bu günlərdə Səhiyyə Nazirliyi, TƏBİB, Türkiyə “Çocuk Alerji ve Astım Akademisi Derneği”nin təşkilati dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş “Tək millət - iki dövlət. Azərbaycan-Türkiyə pediatriya günləri” elmi praktik konfransı keçirilib.
500-ə yaxın həkimin qatıldığı konfransın elmi proqramında pediatriyanın müasir problemlərinin müzakirəsinə həsr olunmuş 7 panel iclasında yerli mütəxəssislərlə yanaşı Türkiyə, Almaniya, Orta Asiya türk dövlətlərini təmsil edən məşhur elm adamları tədbir iştirakçilari ilə öz təcrübələrini bölüşüblər.
ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimovanın sədrliyi ilə “Badamdar otel”də baş tutan konfransın rəsmi açılış mərasimində Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin müdiri Teymur Mirzəbəyli, “Çocuk Astım ve Allerji Akademisi Derneği” başkanı, professor Koray Harmancı çıxış ediblər.
Sonra konfransın elmi hissəsi “Uşaqlarda hər xışıltı bronxial astmadırmı? Pediatrlar nə etməlidirlər”, “Bütün aspektləri ilə inək südü proteini allergiyası (İSPA)” və “Allergenspesifik immunoterapiya. Anaflaksiya” mövzularında müzakirəli panellərlə davam edib.