Noyabrın 2-7-də Tunisin Monastir və Sousse şəhərlərində Kyokuşinkay karate üzrə qış düşərgəsi və beynəlxalq turnir keçirilib. Hakimlərə və idmançılara peşəkar təlim məşqləri və seminarlar keçmək üçün ATU-nun “Təbib” idman klubunun sədri, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov rəsmi dəvət alıb.
Hava limanında təmsilçimizi Tunisin Kyokuşinkay Karate və Döyüş Sənəti Federasiyasının prezidenti Taha Bagga və digər nümayəndələr qarşılayıb.
İdmançılara peşəkar ustad təlim məşqləri keçmək üçün Q.Aslanovla yanaşı, Yaponiyadan olan 6-cı dan şihan Ryu Naruşima və 4-cü dan sensey Yusuke Fuji, Kyokuşin Dünya Birliyinin (KWU) baş katibi, rusiyalı 5-ci dan Aleksandr Piçkunov və türkiyəli 5-ci dan İsmail Kocal da dəvət alıb.
Gündəlik peşəkar təlimlər əvvəlcədən planlaşdırılmış proqram üzrə qruplara uyğun təşkil edilib. Q.Aslanovun ilk peşəkar təlim məşqləri 2 noyabrda Sosusse şəhərində müxtəlif yaş qruplarından olan 200-ə yaxın idmançı ilə keçirilib.
Peşəkar təlim məşqləri yaponiyalı ustad Ryu Naruşimanın rəhbərliyi ilə baş tutub. Eləcə də həmin günün proqramına uyğun olaraq hakimlik seminarları başlayıb. Seminarları KWU Hakimlər Kollegiyasının üzvü, dəfələrlə Avropa və dünya çempionatlarında “Ən yaxşı hakim” seçilən təmsilçimiz Qələndər Aslanov və KWU-nun baş katibi Aleksandr Piçkunov idarə edib. 7 ölkədən (Tunis, Əlcəzair, Liviya, Qvineya, Mərakeş, Konqo, Polşa) 150-dən çox hakimin iştirak etdiyi seminar ilk olaraq test həll etməklə başlanıb. Testlərlə bağlı suallar bitdikdən sonra təcrübə məşğələləri keçirilməsi üçün hakimlər qruplara bölünüb. Hakimlərin sayı gözlənildiyindən daha çox olduğu üçün seminarlar 2 gün ərzində 8 saat davam edib.
Noyabrın 4-də Monastir şəhərinin mərkəzində dövlət nümayəndələrinin iştirakı ilə böyük (1400 iştirakçı) festival təşkil olunub. Tədbir Tunisin Dövlət Himninin səsləndirilməsi və Fələstində dünyasını dəyişən insanların xatirəsini anmaqla başlayıb. Sonra təlim məşqlərinin keçirilməsi üçün idmançılar qruplara bölünüb. Yaponiyalı və rusiyalı karate ustaları ilə eyni meydanı bölən ATU əməkdaşı təlim məşqlərini bitirdikdən sonra turnirin təşkilati işlərinə yaxından dəstək verib.
Yarışı idarə edən hakimlərin doğru verilməyən qərarları və digər qayda pozuntuları yerindəcə təmsilçimiz tərəfindən izah edilib, mübahisəli məsələlər aradan qaldırılıb və heç bir idmançının hakim ədalətsizliyi ilə üzləşməsinə imkan verilməyib.
Turnirdən sonra Təşkilat Komitəsinin xahişi ilə döyüşlərdə baş verən hadisələri analiz etmək və hakim səhvlərini müzakirə etmək üçün seminar təşkil olunub. Qələndər Aslanovun rəhbərliyi ilə keçirilən sonuncu seminarda hakimlərin suallarına aydınlıq gətirilib, cavablar təcrübi şəkildə göstərilib.
Sonra dövlət nümayəndələri ilə təmsilçimiz arasında rəsmi görüş baş olub. Tunis və Azərbaycan arasında dostluq münasibətlərinin qurulması, həmçinin gələcəkdə tələbələrin tibb təhsili alması üçün qarşılıqlı mübadilə proqramları yaratmaq, bununla yanaşı, idman yarışları təşkil etmək istiqamətində danışıqlar aparılıb.
Sonda ATU-nun “Təbib” idman klubunun sədri Tunisin Kyokuşinkay Karate və Döyüş Sənəti Federasiyasının prezidenti tərəfindən beynəlxalq peşəkar təlimlər, hakimlərə keçirilən seminarlar və çempionata verdiyi töhfəyə görə təşəkkürnamələrlə təltif olunub.