Noyabrın 13-17-də ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrasında Azərbaycanın kanalizasiya sularında psixoaktiv maddələrin analizi layihəsi çərçivəsində “Madde Kullanımı İle Mücadelede Atık Su Epidemiyolojisinin Kullanılması Eğitimi” adlı təlim təşkil olunub.
Təlim ATU və Türkiyənin Ankara Universiteti arasında imzalanmış memorandum çərçivəsində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi yanında TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) dəstəyi ilə həyata keçirilib. Türkiyədən gələn 5 nəfərdən ibarət nümayəndə heyəti Əczaçılıq toksikologiyası və kimya kafedrasının əməkdaşlarına “Kanalizasiya sularında psixoaktiv maddələrin analizi” mövzusunda təlim keçiblər.
Nümayəndə heyətinə Ege Universitetindən professor Serap Annette Akgür, Duygu Yeşim Ovat, Ankara Universitetindən professor Nebile Dağlıoğlu, Çukurova Universitetindən, dr. Evşen Güzel və Aslı Atasoy Aydın daxil idi.
Görüşdə TİKA-nın koordinatoru Fatih Yılmaz da iştirak edib.
Tədbirdən sonra Türkiyədən gələn qonaqlar və kafedra əməkdaşları ATU-nun Anatomiya kafedrasının muzeyində də olublar. Anatomiya kafedrasının müdiri, dosent A.Abdullayev, professorlar M.Allahverdiyev və N.Mövsümov qonaqları muzey eksponatları ilə tanış ediblər.
Daha sonra Əczaçılıq kimyası kafedrasının laboratoriyası ilə tanış olan nümayəndə heyətini ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov da qəbul edib və gələcək layihələr barədə müzakirələr aparılıb.