Akademik Mirəsədulla Mirqasımovun məzarı ziyarət olunub

Noyabrın 17-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, səhiyyə nazirinin müavini Nadir Zeynalov, ATU-nun rektoru, professor Gəray Gəraybəyli və ictimaiyyət nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, ilk tibb elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 140 illiyi münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

İctimaiyyətin nümayəndələri görkəmli alimin məzarı üzərinə tər gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Mirəsədulla Mirqasımovun elmi, ictimai fəaliyyətindən danışan akademik İsa Həbibbəyli görkəmli alimin Azərbaycan Elmlər Akademiyasının qurucu prezidenti kimi elm tariximizə düşdüyünü, ölkə elminin bütün sahələri üzrə aparılacaq fundamental elmi tədqiqatların istiqamətlərinin müəyyən edilməsinə də xüsusi diqqət yetirdiyini söyləyib. Qeyd edib ki, təbiət və texniki elmlər üçün lazımi maddi-texniki bazanın yaradılması, laboratoriyaların təşkili də akademik Mirəsədulla Mirqasımovun adı ilə bağlıdır.

Sonra çıxış edən akademik Mirəsədulla Mirqasımovun oğlu, Xalq artisti Oqtay Mirqasımov atasının xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə minnətdarlığını bildirib.