ATU-nun Tədris Cərrahiyyə klinikasında Rezidentura və magistratura şöbəsi, Urologiya kafedrası və Azərbaycan Endouroloji Cəmiyyəti rezidentlər üçün birgə seminar keçirib. Seminarın mövzusu urologiyanın ən aktual problemlərindən biri olan prostat vəzinin xoşxassəli hiperplaziyasının ən müasir cərrahi müalicəsinə həsr edilmişdi.
Tədbiri giriş sözü ilə açan Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov indiyədək keçirilən bu cür elmi tədbirlərin rezidentlər üçün faydasından danışıb.
Sonra Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev “Prostat vəzinin anatomiyası, fiziologiyası və xoşxassəli hiperplaziyanın patogenezi”, t.ü.f.d. Asif Cahangirov “Müxtəlif endoskopik cərrahi müalicə üsullarının müqayisəli təhlili”, TCK-nın Urologiya şöbəsinin müdiri, dosent Fikrət Əhmədov isə “TUR - Prostatektomiya zamanı və sonraki dövrdə yaranmış fəsadların təhlili və onların profilaktikası” mövzularında məruzə ilə çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, prostat vəzi və onun xəstəlikləri insanlar arasında çox populyardır. Bunun da əsas səbəbi prostat xəstəliklərinin geniş yayılmsı və aktuallığıdır.
Məruzəçilər bildiriblər ki, dünyada kişilər arasında bütün onkoloji xəstəliklər səbəbindən baş verən ölüm hallarına görə prostat vəzi xərçəngi ikinci yerdədir. Onlar əlavə ediblər ki, prostat vəzi “kişinin ikinci ürəyi” sayılır, çünki onun sidik ifrazı, cinsi əlaqə, müvazinətin qorunmasında böyük rolu var.
Çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və seminar sual- cavabla yekunlaşıb.
Sonra uroloji xəstəliklər üzrə təhsil alan rezidentlər Karl Storz tərəfindən təqdim edilən simulyatorda praktiki vərdişləri öyrəniblər. Sonda professor R.Nağıyev və dosent F.Əhmədov tərəfindən ən müasir üsul olan plazmokinetik TUR vasitəsi ilə bir-birinin ardınca iki əməliyyat həyata keçirilib. Aparılan əməliyyatda rezidentlər də iştirak edib və bu yeni üsulun müəyyən etaplarını onlar sərbəst icra ediblər.