Qadın və uşaqların sağlamlığı həm də demoqrafiya məsələsidir
Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü”nə həsr olunmuş konfrans keçirilib.
Konfransı açan Pediatriya İnstitutunun direktoru t.ü.f.d. Aynur Poluxova bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd vaxtından əvvəl doğulan körpələrin sağ qalması üçün səylərin artırılması, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi, hamilə qadınların düzgün qidalanması, sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsidir.
Konfransda Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Rüstəm Hüseynov, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, t.ü.f.d. Təranə Tağı-zadə və Türkiyənin Ege Universitetinin professoru Mehmet Yalaz çıxış ediblər.
Çıxışlarda 2023-cü ildəki bütün əlamətdar günlərin fərqli ovqatda qarşılandığı, bu il Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinin tamam olduğu, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərin üçüncü ildönümünün qeyd edildiyi, eləcə də ölkəmizdə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinin təntənə ilə keçirildiyi vurğulanıb.
Təranə Tağı-zadə 1930-cu ildən etibarən Azərbaycanda uşaqların fiziki və əqli sağlamlığına qayğı məqsədilə Azərbaycan Pediatrlar Assosiasiyasının həyata keçirdiyi işlər, ana və uşaqlar arasında sağlam həyat tərzinin təbliği və gənc ailələrin maarifləndirilməsi istiqamətində xidmətlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, qadın və uşaqların sağlamlığına daim diqqət yetirilməsi dövlətimizin strategiyasının əsasını təşkil edir.
T.Tağı-zadə vaxtından əvvəl doğulmuş kritik az çəkili körpələrin reanimasiya və intensiv terapiyasının uğurla aparılmasının, standartlara uyğun yüksək tibbi xidmətin dövlətin demoqrafik göstəricilərinə də müsbət təsir göstərdiyini deyib. O, bir müddət öncə 600 qram bədən kütləsi ilə dünyaya gələn körpənin sağlam inkişafına nail olduqları üçün fədakar pediatr və neonatoloqlara minnətdarlığını bildirib.
Sonra Türkiyənin Ege Universiteti, N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti və Qazaxıstan Tibb Universitetindən dəvət edilən ekspertlərin məruzələri dinlənilib.
Tədbirdə vaxtından əvvəl doğulmuş uşaqların sağlamlığı, cəmiyyətə inteqrasiya edilməsi istiqamətində səhiyyə sistemində əhəmiyyətli addımların atıldığı bildirilib. Qeyd edilib ki, son illərdə vaxtından əvvəl doğuşlarda artım müşahidə olunur. Natiqlər bu mənada yenidoğulmuşların qısa zaman çərçivəsində sağlamlıq problemlərinin aradan qaldırılması və reanimasiyasında müasir tibbi avadanlıqların effektiv rolundan bəhs edib. Çıxışlarda erkən doğulmuş uşaqlarla bağlı həyata keçirilən beynəlxalq layihələr, görülmüş işlər və ölkəmizin bu sahədəki aparıcı mütəxəssisləri tərəfindən göstərilən tibbi xidmətlər barədə danışılıb.
Tədbirin sonunda vaxtından əvvəl doğulmuş və sağlam həyatlarına davam edən bir qrup uşağa və valideynlərinə hədiyyələr təqdim edilib.