“Azərbaycan Tibb Universitetində noyabrın 4-dən etibarən kollokviumlara start verilib. Əslində kollokvium başlamasını noyabrın 7-ə planlaşdırmışdıq. Amma Nazirlər Kabinetinin müvafiq qərarı ilə istirahət və iş günlərində edilmiş dəyişikliklə əlaqədar olaraq, bəzi kurslarda noyabrın 4-də, bəzilərində isə noyabrın 7-də başlamalı olduq”.
Bu barədə məlumat verən ATU-nun Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov artıq 1-ci və 2-ci kurslarda kollokviumun noyabrın 16-18-də bitdiyini bildirib. O, kollokviumların səhər saat 8-dən axşam saat 6-dək keçirildiyini və bəzi kurslarda noyabrın 24-dək başa çatacağını qeyd edib. Hansı kurslarda imtahanların sayı 9-a yaxındırsa, kollokvium gələn həftə ərzində də davam edəcək, noyabrın 29-da yekunlaşacaq: “Əvvəlki illərdən fərqli olaraq, kollokvium zamanı bu il heç bir sıxlıq müşahidə olunmur. 1-2-ci kurs tələbələri hər sual 2 bal olmaqla 23, digər kurslarımızda isə tələbələr hər sual 2 bal olmaqla 15 sualı cavablandırır. 1-2-ci kurslarda kollokviumların nəticəsi 40 bal, 10 bal isə sərbəst iş olur”.
Dosent K.Yaqubov imtahan prosesi zamanı tələbələr tərəfindən kütləvi qayda pozuntularına yol verilmədiyini də qeyd edib. Onun sözlərinə görə, nəzarətçilər bir-iki tələbədə telefon aşkarlayıb, məsələ sənədləşdirilərək imtahanın nəticələri sıfırlanıb: “Universitetimizdə tədrisin keyfiyyətinin artırılması həmişə prioritet məsələ olub. Bu istiqamətdə hər il çoxsaylı qərarlar qəbul edilir. Hazırda isə testlərin tərtibi məsələsi gündəlikdədir. Çox güman ki, universitet rəhbərliyi tərəfindən növbəti semestrlərdə bununla bağlı müvafiq addımlar atılacaq”.