Noyabrın 24-də ATU-nun Tədris Terapevtik Klinikası Rezidentura və Magistratura şöbəsi ilə birgə növbəti seminar keçirib. Tədbiri açan şöbənin müdir müavini, assistent Namiq Xəlilov məruzəçini təqdim edərək, bugünkü seminarın revmatoloji xəstəliklərə həsr olunduğunu bildirib. Bundan sonra revmatologiya üzrə II kurs həkim-rezident Ədhəm Ağamaliyev "Revmatoloji xəstəliklərdə laborator diaqnostika" mövzusunda çıxış edib.
Məruzəçi bildirib ki, revmatoloji xəstəliklər autoimmun və iltihabi xəstəliklər olduğuna görə, laborator diaqnostika burada vacib rol oynayır. O əsas revmatoloji xəstəliklərdə qanın ümumi analizi, kəskin faza reaktantları, biokimyəvi, immunoloji və mikrobioloji müayinələrin təhlili haqqında geniş məlumat verib. Məruzədə revmatoloji xəstəliklərdə görülən anemiyaların differensial diaqnostikasından, eləcə də leykositar və trombositar pozulmalardan, kəskin faza reaktantların iltihabı və autoimmun xəstəliklərdə patofiziologiyasından bəhs olunub.
Sonda iştirakçılara revmatoloji məntiqə dair suallar verilib və düzgün cavablandıranlar mükafatlandırılıb.
Tədbirdə III Daxili xəstəliklər kafedrasının professoru Fərhad Talıbov, klinikanın baş həkimi Fəridə Hacıyeva, t.ü.f.d Gülşən Ələkbərova, Arzu Bağırova və revmatologiya üzrə təhsil alan rezidentlər və tələbələr iştirak ediblər.