Noyabrın 9-dan 11-dək Moskvada görkəmli uşaq cərrahı, akademik Yuri Fyodoroviç İsakovun 100 illik yubileyinə həsr olunmuş Rusiya Uşaq Cərrahlarının IX Forumu keçirilib. Uşaq cərrahiyyəsi üzrə ən böyük tədbir hesab edilən bu forum keçmiş sovet respublikalarından mütəxəssisləri bir yerə toplayan əlamətdar hadisə idi. Forumda uşaq cərrahiyyəsi xəstəxanaları, elmi-tədqiqat tibb mərkəzlərinin cərrahiyyə şöbələri, eləcə də Rusiya və keçmiş ittifaq ölkələrindəki universitetlərin uşaq cərrahiyyəsi kafedralarının həkimləri iştirak edirdi.
Tədbirə Rusiya Uşaq Cərrahları Assosiasiyasının üzvləri, Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasının müdiri, professor Ramiz Poluxov və kafedranın assistenti Namiq Xəlilov da qatılıblar.
Forumun açılışında əvvəlcə S.Ternovski adına mükafatın təqdimatı olub. Sonra akademik Y.F.İsakovun 100 illiyindən bəhs edən film nümayiş olunub və professor A.Razumovski akademikin həyat və fəaliyyəti ilə bağlı çıxış edib. Üç gün davam edən forum çərçivəsində ATU-nun əməkdaşları forumun işçi qrupunun iclaslarında, həmçinin Rusiya Uşaq Cərrahlarının Assosiasiyasının Elmi Şurasında və dəyirmi masada iştirak ediblər.
Uşaq cərrahiyyəsinin aktual problemləri önə çəkilən bu forumda ənənəvi olaraq “Mən bunu necə edə bilərəm?” mövzusunda videosessiya, eyni zamanda dəyirmi masa, master-klass və simpoziumlar keçirilib.
Forumun sonunda gənc alimlər üçün müsabiqənin laureatlarına mükafatlar verilib və V.Derjavin adına növbəti mükafatın təqdimetmə mərasimi baş tutub.