Görkəmli ictimai-siyasi xadim, professor Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitabın təqdimat mərasimi keçirilib
Noyabrın 28-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində ATU-nun İctimai fənlər kafedrasının dosenti Leyla Talışinskinin müəllifi olduğu “XX əsr Azərbaycan dövlətçilik tarixində görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin xidmətləri” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin həyat və fəaliyyəti barədə söhbət açıb. Bildirib ki, Respublika Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Əziz Əliyev öz təcrübəsini, istedadını, sönməz enerjisini respublikanın səhiyyəsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə, elmin inkişafına yönəldib.
Bundan sonra Əziz Əliyevin şərəfli ömür yolundan və fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub.
ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev və İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Vaqif Şadlinski öz çıxışlarında böyük alim, ictimai-siyasi xadim Əziz Əliyevi xalqımızın tarixində və tibb elmində böyük rolu olan nadir şəxsiyyət kimi qiymətləndiriblər. Bildirilib ki, elə insanlar var, təmsil etdikləri millətin, dövlətin həyatında silinməz iz qoyurlar. Əziz Əliyev də məhz belə insanlardan olub. Qeyd edilib ki, tarixin heç də asan olmayan dövründə çalışan bu ləyaqətli insan gördüyü hər bir işi şərəflə, peşəkarlıqla, vətənpərvərliklə yerinə yetirib.
Natiqlər Tibb İnstitutunun fəaliyyətində danılmaz rolu olan bu görkəmli alimin instituta rəhbərlik etdiyi illərdə Azərbaycan səhiyyəsi üçün peşəkar kadrlar yetişdirildiyi və bu ali təhsil müəssisəsinin işinin daha da təkmilləşdirildiyini vurğulayıblar. Həmin illərdə institutun tələbələri üçün Azərbaycan dilində çoxlu sayda kitablar yazılıb və səhiyyənin maddi-texniki bazasının gücləndirilməsinə böyük önəm verilib. Yeri gəlmişkən, ATU-nun kitabxanası və “Təbib” qəzeti professor Əziz Əliyevin şəxsi təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılıb. Onun 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru olduğunu xatırladan natiqlər əlavə ediblər ki, dünyasını dəyişdiyi vaxtdan uzun illər ötməsinə baxmayaraq, Əziz Əliyevin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev “Görkəmli ictimai-siyasi xadim Əziz Əliyev dövlətçilik fəaliyyətində həkim xeyirxahlığı ilə ucalmışdır”, AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov isə “XX əsr Azərbaycan dövlətçilik tarixində Əziz Əliyevin yeri və xidmətləri” mövzularında çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, təqdimatı keçirilən dərs vəsaitində Ə.Əliyevin XX əsrin 20-30-cu illərindəki elmi fəaliyyəti hərtərəfli işıqlandırılıb və onun səhiyyə sahəsindəki uğurları araşdırılıb. Eləcə də İkinci dünya müharibəsi illərində Ə.Əliyevin İrandakı missiyası dərs vəsaitində geniş təhlil edilib və onun fəaliyyətinin tarixi əhəmiyyəti göstərilib. Ə.Əliyevin 1942-ci ildən sonra Dağıstana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi çox mühüm təşkilatçılıq, yaradıcılıq, xilaskarlıq missiyası kitabda hərtərəfli əks olunub və Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi kimi əldə etdiyi böyük uğurlara geniş yer ayrılıb.
Qeyd edilib ki, XX əsr Azərbaycan dövlətçilik tarixinin öyrənilməsində dəyərli bir mənbə olan kitab tibbi işçiləri, elmi tədqiqatçılar, tələbələr və aspirantlar üçün nəzərdə tutulsa da, geniş oxucu kütləsi üçün də faydalı olacaq.
Sonda ATU-nun Daxili xəstəliklər kafedrasının professoru Tamfira Əliyeva babası ilə bağlı yaddaqalan, kövrək xatirələrini dilə gətirib və göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından universitetin rektoru, professor Gəray Gəraybəyliyə, İctimai fənlər kafedrasının rəhbərliyinə, eləcə də kitabın müəllifinə və toplantı iştirakçılarına minnətdarlığını bildirib.