İmtahan ekspertləri ilə görüşdə bir sıra neqativ hallar müzakirəyə çıxarılıb
Noyabrın 30-da ATU-nun imtahan ekspertlərinin geniş tərkibdə görüşü keçirilib. Görüşdə çıxış edən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bildirib ki, tədrisin keyfiyyətinin yüksəldilməsi daim universitet rəhbərliyinin qarşısında duran əsas məsələlərdəndir.
Bu baxımdan qiymətləndirmə prosesinin daha ədalətli aparılması çox önəmlidir. Bunun üçün də imtahan prosesində diqqət yetirilməsi vacib olan məqamlar və atılacaq addımlar barədə hərtərəfli məlumata malik olmalıyıq. Testlərin hər il yenilənməsini zəruri hesab edən prorektor bildirib ki, suallarda qüsurlar var. O, hələ də əvvəlki illərin bəzi suallarının qaldığını, proqramdan kənar sualların verildiyini diqqətə çatdırıb. Tədrisin aparılma qaydalarından bəhs edən S.Əliyev çıxışında bəzi kafedra müdirlərinin yerində olmadığını, tələbələrin dərs vaxtı nəzarətsiz qaldığını önə çəkib. Belə neqativ halların gələcəkdə təkrarlanacağı halda, ciddi tədbirlərin görüləcəyini deyən prorektor əlavə edib ki, belə problemlər tədrisin nəticələri yoxlanılıb müzakirə edilmədiyi üçün meydana çıxır. Bildirib ki, bu görüşlərin əsas məqsədi imtahanların problemsiz şəkildə keçirilməsi ilə yanaşı, həm də movcud çatışmazlıqların vaxtında öyrənilib aradan qaldırılmasıdır.
İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova imtahan prosesində aparılan yeniliklər və diqqət göstərilməli məqamlardan söhbət açıb: “Hansı kafedrada imtahana hazırlıq yaxşıdırsa, orada nəticələr də ürəkaçandır. Biz həmişə aparılan söhbətlərdə deyirik ki, sanki imtahanlar 1, 2, 3-cü kurslar üçün keçirilir. Nəzəri kafedralar üçün 4-cü kursdan etibarən klinik fənlər başlayır. Bundan sonra keçiriləcək imtahanların heç bir keyfiyyəti qalmır. Biz testi kafedralardan və ekspertlərdən hansı formada qəbul ediriksə, tələbələr də bizə o formada cavab göstərir. Mən demirəm ki, kafedralar tələbələrə test suallarını verirlər. Əsas problem tələbənin yanlış istiqamətə yönləndirilməsidir. Fənni tədris edən müəllim bəzən tələbələrə imtahanda keçən ilin suallarından düşəcəyini deyir. Tələbə də o istiqamətdə hazırlaşır. İmtahan zamanı isə müəllimin dedikləri olmayanda, tələbələr pis vəziyyətdə qalır. Bəzən köhnə test suallarının da düşdüyünə rast gəlinir. Əlbəttə ki, bu barədə lazımi tədbirlər görürük. Bəli, bəzən tələbəyə dərs proqramından kənar suallar da düşür. Təsəvvür edin, proqramdan kənar bir sual 80 tələbəyə düşə bilər”.
II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli bildirib ki, kafedralarda tədrisə nəzarət işində problem olması barədə tələbələrdən dekanlığa şikayətlər gəlir: “Biz saat 9:00-da “Latın dili” korpusunda yerləşən kafedralarda olduq və dərs 8:30-da başlasa da, müəllimlərdən gəlməyənlər var idi. Və ya tələbələr otaqda oturub, müəllimlər isə dəhlizdə gəzişir. Bu cür halı heç cür başa düşmək olmur. Bunları görən tələbə o biri günlər dərsə gec gəlir, qayıb yazılanda isə iradını bildirir. Kafedra müdirləri tədris prosesinə nəzarət etməlidir ki, bu çatışmazlıqlar aradan qalxsın”.
Bu görüşün obyektiv və subyektiv səbəbləri olduğunu vurğulayan ATU-nun Tədris departamentinin müdiri, dosent Kamandar Yaqubov universitetimizin çoxpilləli proqrama qoşulmasından sonra tədris prosesində olan bəzi məsələlərin gündəmə gətirilməsinə zərurət yarandığını söyləyib: “Tələbələrimiz bakalavr, magistratura və aspirantura pilləsində təhsil alırlar. Oktyabr ayında rezidentura pilləsində imtahan keçirildi. Tələbələrin çoxu şikayət etdi ki, sualların bəzilərini universitetdə təhsil alan zaman görüblər. Ona görə də testlər tərtib olunanda kafedralar diqqət yetirməlidir ki, bunu hansı pillə üçün tərtib edirlər. Gələn ildən aparılacaq audit yoxlamalar problemlərin fərqli formada üzə çıxmasına səbəb olacaq”.
Departamentin əməkdaşlarının dekanlarla birlikdə kafedralarda yoxlamalar apardığını deyən K.Yaqubov əlavə edib ki, bu yoxlamalarda kafedra müdirləri xoşməramlı formada iştirak etməlidir: “Ekspertlərdən xahiş etmişəm ki, boş olan müəllimlər mühazirələrdə otursun. Belə olan halda, tələbələr mühazirələrə daha diqqətlə qulaq asırlar. Müəllim biləndə ki onun mühazirəsində başqa şəxs oturacaq, o da mühazirəyə fərqli hazırlaşacaq.
Digər məsələ isə testlərin tərtib olunmasındadır. Dekanların nəzərinə çatdırmışdım ki, kollokviumlar bitəndən sonra nəticələrin təhlilini aparaq. Testin məxfiliyi gözlənsəydi, xoşagəlməz mənzərə yaranmazdı. Auditoriyaya girirsən, rezident qrup müəlliminin yerinə dərs keçir. Halbuki, onun dərs keçmək səlahiyyəti yoxdur”.
Müzakirələri yekunlaşdıran professor S.Əliyev tədris prosesinin gedişində mövcud olan problemlər barədə lazımi tədbirlərin görüləcəyini söyləyib. O, neqativ halların aradan qaldırılması üçün bir sıra göstərişlər verərək məsul şəxsləri problemlələrdən ciddi nəticə çıxarmağa çağırıb.