Əməkdaşlarımız diş həkimlərinin beynəlxalq konqresində iştirak ediblər

Noyabrın 24-dən 26-dək Türkiyənin ən böyük konqresləri sırasında yer alan İzmir Diş Həkimləri Cəmiyyətinin XXX Beynəlxalq Elmi Konqresi və Sərgisi  keçirilib. Minə yaxın diş həkiminin iştirakı ilə məşhur Tepekule Konqres Mərkəzində keçirilən tədbir çərçivəsində 40-a yaxın konfrans və çoxlu sayda poster-məruzələr baş tutub.

Müxtəlif ölkələrdən, o cümlədən Avstriya, İtaliya, Bolqarıstan, Serbiya və Omandan dəvət olunmuş elm adamları stomatologiyanın bütün sahələrini əhatə edən elmi və texnoloji yenilikləri konqres iştirakçılarının nəzərinə çatdırıblar. Bundan başqa, elmi axtarışlarla məşğul olan gənc araşdırmaçıların elmi mübadiləsinə kömək məqsədi ilə posterlər təşkil olunub. Alimlərin müxtəlıf mövzularda hazırladıqları kurslarda iştirakçılar öz biliklərini yeniləyərək, müasir elmi məlumatlar əldə ediblər. Parodontologiya, implantologiya, estetik stomatologiya, ortopedik stomatologiya və lazerlə müalicəni əhatə edən cərrahiyyə əməliyyatlarının canlı nümayişi maraqla qarşılanıb.

Konqresin sərgi salonunda 50-ə yaxın dental firmanın uyğun qiymətlərə məhsulları təqdim olunurdu ki, diş həkimləri bu imkandan həvəslə yararlanıblar.

Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Azərbaycan Stomatoloji Assosiasiyasının üzvü, ATU-nun Uşaq stomatologiyası kafedrasının assistenti, t.ü.f.d. Sevinc Nağıyeva və onun kuratorluğu altında rezidentura pilləsində təhsil alan Sona Məmmədova da yer alıblar.

Konqresin sonunda iştirakçılar elmi proqramlarla yanaşı, sosial proqramlarda da iştirak edərək diş həkimlərinin böyük marağına səbəb olan stend-ap tamaşasını izləyib və əyləncəli qala gecəsinə qatılıblar.