Noyabrın 30-da ATU-nun Tədris Terapevtik Klinikası və Rezidentura və magistratura şöbəsinin birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib. Adıçəkilən şöbənin müdir müavini, assistent Namiq Xəlilov seminarın nadir endokrinoloji xəstəlik olan “Swyer sindromu”na həsr olunduğunu bildirib.
Bundan sonra II Uşaq xəstəlikləri kafedrasının assistenti İlsur Novruzovun həmin mövzuyla bağlı məruzəsi dinlənilib. Məruzəçi nadir endokrinoloji xəstəliklərdən biri sayılan “Swyer sindromu”nun klinikası, patofiziologiyası, diaqnostika üsulları və müalicəsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu xəstəliyə çox az rast gəlinsə belə, erkən aşkarlanması, diaqnozunun düzgün qoyulması və müalicəsinin vaxtında aparılması vacibdir.
II Daxili xəstəliklər kafedrasının dosenti Səbinə Məşədiyeva, assistenti Gülarə Axundbəyli, klinikanın Baş həkimi Fəridə Hacıyeva, Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin müdiri və II Uşaq xəstəlikləri kafedrasının assistenti Qoşqar İsmayılov da “Swyer sindromu” barədə öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Eyni zamanda, uşaq endokrinologiyası üzrə II kurs həkim-rezident Kamran Şərifovun İ.Novruzovun rəhbərliyi altında mövzuya dair əlavə elmi təqdimatı olub. Həmçinin "Ailəvi hiperxolesterinemiya" mövzusunda ətraflı müzakirələr aparılıb.
Seminarın sonunda məruzəçilər rezidentlərin və tələbələrin suallarını cavablandırıblar.