Ümumdünya Səhiyyə Təşkilatının “Avropada İctimai səhiyyə üzrə 2-ci Liderlik kursu” keçirilib. Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının baş müəllimi Aygün Babayeva kurslarda iştirak edib.
Bu ilki kurs ÜST-ün Avropa üzrə Regional idarəsi və Bordo Universiteti, xüsusilə də onun İctimai səhiyyə məktəbi (ISPED) tərəfindən, rəqəmsal ictimai səhiyyə üzrə magistratura proqramına əsasən, Fransa Milli Sağlamlıq və Tibbi Tədqiqat İnstitutunun (Inserm) "Bordo əhalinin sağlamlığı üzrə tədqiqatlar mərkəzi" və Maastrixt Universitetinin Tibbi qulluq və ictimai səhiyyə tədqiqatları institutu (CAPHRI) ilə əməkdaşlıqda təşkil olunub.
Bu təşəbbüs ÜST-ASPHER peşəkarlıq üzrə yol xəritəsinə uyğundur. Yol xəritəsində getdikcə artmaqda olan ictimai sağlamlıq ehtiyaclarına cavab olaraq, sahələrarası və fənlərarası yanaşmalar vasitəsilə səriştənin təkmilləşdirilməsinin ictimai səhiyyə sahəsində kadrların effektiv şəkildə idarə olunması üçün əhəmiyyəti vurğulanır.
Kurs hibrid tədris formatında keçirilib. Belə ki, birinci həftə onlayn formatda 13-17 noyabrda baş tutub. İkinci həftənin modulları canlı şəkildə, noyabrın 20-dən 24-dək Bordo Universitetinin auditoriyalarında keçirilib və mühazirələr, təlim sessiyaları, seminarlar, qrup müzakirələrindən ibarət olub.
İctimai səhiyyə sahəsində liderlik üzrə konsepsiyalar; İctimai səhiyyə sahəsində rəqəmsal innovasiyalar; Qida sistemləri və dayanıqlıq; Sağlam yaşlanma və qeyri-infeksion xəstəliklər; Effektiv ünsiyyət: təsirinizi və iştirakınızı artırın; İctimai səhiyyə ilə bağlı fövqəladə hallar; Təsirli liderlik: İş yerində psixi sağlamlıq və digər maraqlı mövzular kursun proqramına daxil edilib.
Kursda müvəffəqiyyətlə iştirak edərək 3 qiymətləndirmə və yekun imtahandan uğurla keçən əməkdaşımıza sertifikat təqdim olunub.