Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov Türkiyənin İnönü Universitetinin Fəxri doktoru seçilib.
Fəxri doktor diplomunu azərbaycanlı alimə universitetin rektoru, professor Ahmet Kızılay təqdim edib. Rektor qeyd edib ki, ATU ilə İnönü Universiteti və Qaraciyər Nəqli İnstitutu arasında əlaqələr iki qardaş ölkə arasındakı əməkdaşlığın ən yaxşı örnəklərdən biri sayıla bilər.
Bildirilib ki, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələri 2010-cu ildən başlayıb. Əvvəlcə Qaraciyər Nəqli İnstitutunun direktoru, professor Sezayi Yılmazın briqadası professor Nuru Bayramovla birlikdə Azərbaycanda qaraciyər transplantasiyası həyata keçirib. 2012-ci ildə universitetlər arasında müqavilə bağlanıb və əməkdaşlıq rəsmiləşib. 2018-ci ildə İnönü Universitetinin rektoru A.Kızılay Bakıya gəlib, ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb, əməkdaşlıq haqqında müqavilə yenilənib və əlaqələrin inkişafı üçün imkanlar daha da genişlənib.
Qeyd olunub ki, hazırda İnönü Universiteti və Qaraciyər Nəqli İnstitutu ilə əlaqələr yüksək səviyyədədir. Elmi və praktik əməkdaşlıqlar təqdirəlayiq formada davam etdirilir. 2015-ci ildən başlayaraq hər il fevral-mart aylarında Bakı-Malatya Transplantasiya Günləri adlı beynəlxalq konfranslar keçirilir. Qaraciyər Nəqli İnstitutunda və ATU-da qaraciyər transplantasiyası üzrə dörd doktorluq dissertasiyası tamamlanıb və tamamlanmaq üzrədir. İndiyədək Azərbaycandan olan 15 nəfərdən çox həkim və tibb bacısı Qaraciyər Nəqli İnstitutunda 1-12 ay müddətində ixtsasartırma keçib.
Görüşdə o da vurğulanıb ki, 2022-ci ildə professor Sezayi Yılmaz ATU-nun “Qonaq professor”u seçilib.