Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq əlaqələrinin genişləndirilməsi üzrə fəaliyyətini inkişaf etdirməkdədir. Bu gün Erasmus Universitetinin Tibbi Mərkəzinin (Erasmus MC, Rotterdam, Niderland) nümayəndə heyəti ilə keçirilən görüş də həmin fəaliyyətin tərkib hissəsidir.
Rektor, professor Gəray Gəraybəyli Azərbaycanın ən böyük və qocaman universitetlərindən olan ATU-nun fəaliyyəti haqqında qonaqlara məlumat verib. O, beynəlxalq əməkdaşlıq layihələrinin universitetin fəaliyyətində mühüm yerlərdən birini tutduğunu, artıq dünyanın bir çox qabaqcıl ali məktəbləri ilə əlaqələr qurulduğunu bildirib.
Görüşdə 30 minə yaxın tələbəsi olan Erasmus Rotterdam universitetinin tibb mərkəzinin Hollandiyada ən böyük, qabaqcıl akademik mərkəzlərdən biri olduğu vurğulanıb. Ümumilikdə 12 fakültəsi olan universitetdə 1400-dən çox professor və ixtisaslı müəllimlər çalışır. Görüşdə gələcəkdə görülə biləcək işlər üçün ilk addım olaraq, qarşılıqlı əməkdaşlıq müqaviləsinin imzalanması irəli sürülüb.
Tədbirdə ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Erasmus Tibbi Mərkəzinin Eksperimental qastroenterologiya və hepatologiya üzrə professoru, laboratoriya rəhbəri Maikel P.Peppelenbosch, Erasmus Tibbi Mərkəzinin Beynəlxalq əlaqələr və “Erasmus+ & MSCA grants” proqramı üzrə Baş məsləhətçisi, tibb üzrə fəlsəfə doktoru Raoul Tan, Erasmus Universitetinin Tibbi Mərkəzinin Transplantasiya İnstitutunun elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Ruslan Məmmədov iştirak ediblər.