ATU-nun Tədris Terapevtik Klinikasında Nevrologiya kafedrasının rezidentləri üçün “Kliniki neyrofiziologiyada müayinə üsulu olan elektroensefaloqramın (EEQ) praktiki nevrologiyada istifadəsi” mövzusunda seminar keçirilib.
Rezidentura və Magistratura şöbəsinin təşkilatçılığı ilə baş tutan seminara adıçəkilən şöbənin müdir müavini, assistent Namiq Xəlilov moderatorluq edib. O, universitet rəhbərliyinin gənc həkimlərin elmi və praktik fəaliyyətinə həmişə xüsusi önəm verdiyini və müzakirəyə çixarılan mövzunun praktiki nevrologiyada əhəmiyyət daşıdığını bildirib.
Bundan sonra Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli mövzuyla bağlı öz fikirlərini bölüşüb və kafedranın əməkdaşı, t.ü.f.d. Kamal Əliyevi auditoriyaya təqdim edib. Məruzəçi öz mühazirəsində bu sahəyə dair qısa şəkildə məlumat verərək, kliniki neyrofiziologiyada müayinə üsulu olan elektroensefaloqramın praktiki nevrologiyada tətbiqi və onun metodologiyası, həmçinin istifadə olunan avadanlıq barədə danışıb.
Məruzədən sonra EEQ-in yaşla bağlı xüsusiyyətləri, normal yuxu vaxtı qeyd edilən EEQ dəyişiklikləri, prosedur zamanı qeydə alınan normal və patoloji dalğalardan geniş söhbət açılıb.
Sonda Tədris Terapevtik Klinikada epilepsiyadan əziyyət çəkən xəstələr üzərində aparılan tədqiqatlar zamanı müşahidə olunmuş maraqlı hallar, eləcə də xarici ölkələrdə belə xəstələr üzərində aparılmış EEQ monitorinqdən video-nümunələr göstərilib.