Dekabrın 12-də Azərbaycan Tibb Universitetində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. Heydər Əliyevin anım tədbirlərində ənənəvi olaraq professor-müəllim heyətinin iştirak etdiyini söyləyən rektor bildirib ki, bügünkü tədbiri tələbələrin iştirakı ilə keçirməyin xüsusi önəmi var: “Çünki hər bir azərbaycanlı üçün bu tarixi günlərin əhəmiyyəti böyükdür. Amma mən hesab edirəm ki, Heydər Əliyev şəxsiyyəti haqqında gənclərimizin daha ətraflı bilgiyə malik olması xüsusən vacibdir. Siz də öyrəndiklərinizi gələcək nəsillərə ötürməlisiz. Bu gün Azərbaycan xalqı tarixinin ən parlaq səhifələrindən birini yaşayır. Siz gəncsiniz, gözlərinizdə də bir gənclik işığı görürəm. Sizin bügünkü firavan həyatınızı, Azərbaycanın dünya arenasında özünəməxsus yer tutmasını, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsini 30 il əvvəl təsəvvür etmək belə çətin idi”.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən qürurla söhbət açan rektor qeyd edib ki, hətta iki-üç il əvvəl Xankəndinin mərkəzində hərbi parad keçirəyimiz bizə fantastik yuxu kimi görünərdi. Şükürlər olsun ki, artıq xəyallarımız reallaşıb: “Mən istərdim ki, siz həkimlik peşənizlə yanaşı, tariximizi də yaxşı öyrənəsiz. Biləsiniz ki, bu tarixi qələbə asanlıqla başa gəlməyib. Biz bütün dünyaya sübut etdik ki, Azərbaycan müstəqil bir dövlətdir, xalqımız öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməyə qadirdir. Zəfər yürüşündən danışanda haqlı olaraq deyirik ki, bu böyük qələbə möhtərəm prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində mümkün olub. Eyni zamanda unutmuruq ki, şanlı qələbəmizin bünövrəsi Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub”.
Azərbaycanda səhiyyə sahəsinin inkişafının və peşəkar tibbi kadrların hazırlanmasının da məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayan rektor diqqətə çatdırıb ki, Heydər Əliyevin xalqımız, dövlətimiz və tariximiz qarşısında xidmətləri misilsizdir: “Tarix onun dahiliyini və uzaqgörənliyini hər dəfə təsdiq edir. Keçmiş günlərə nəzər saldıqda, Ulu Öndərin Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bildiyini görürük. O zaman müxtəlif qüvvələrin təsiri nəticəsində Azərbaycanın dövlətçiliyi, ərazi bütövlüyü sual altında idi. Məhz Heydər Əliyevin müdaxiləsi, onun yürütdüyü müdrik siyasət nəticəsində bu təhlükələr sovuşdu. Azərbaycan dövlətçiliyi bütün qüvvələrə qalib gəldi. Bu gün bizim ölkəmiz ən qabaqcıl ölkələrin sırasındadır. Azərbaycan sanki bir xoşbəxtlik və sabitlik adasıdır”.
Hakimiyyətinin ikinci dönəmində Heydər Əliyevin universitemizdə iki dəfə olduğunu, hər dəfə proqram xarekterli nitqləri ilə professor-müəllim heyəti qarşısında çıxış etdiyini yada salan rektor, bu dahi şəxsiyyətin bütün sahələrdə silinməz izlər qoyduğunu bildirib.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov da anım tədbirində çıxış edərək Heydər Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı naminə həyata keçirdiyi həm siyasi, həm iqtisadi islahatlardan söz açıb. Bildirib ki, Ulu Öndərin xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi dövlət üçün, xalq üçün bir qurtuluş günü idi: “Təbii ki, Ulu Öndərin ən böyük şah əsəri müstəqil, suveren Azərbaycan dövlətidir. Fəxrlə deyə bilərik ki, Ulu Öndərin davamçısı İlham Əliyevin qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı-canı, qazilərimizin sağlamlığı bahasına suverenliyimiz tam bərpa olundu. Böyük qələbə qazandıq”.
Çıxışında Ulu Öndərin gənclər siyasətindən danışan ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Məhəmməd Məmmədov qeyd edib ki, ölkəmizdə inkişaf edən və inkişaf etməkdə olan hansı sahəyə baxsaq, Heydər Əliyevin imzasını görürük: “Sirr deyil ki, Ulu Öndərin ən çox yatırım etdiyi sahə gənclər sektorudur. Heydər Əliyev hər zaman gənclərin formalaşmasına, onların inkişaf etməsinə xüsusi diqqət yetirirdi”.
Bunun bariz nümünəsi kimi Gənclər və İdman Nazirliyinin yaradılmasını, Gənclər Gününün təsis edilməsini örnək gətirən gənc natiq vurğulayıb ki, belə tarixi şəxsiyyətlər hər dövlətə, hər xalqa nəsib olmur: “ Bu il Ulu Öndərin 100 illiyidir. “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın bütün bölgələrində böyük sevgi ilə çoxsaylı tədbirlər keçirilmişdir ki, bu da xalqımızın Ulu Öndərə verdiyi dəyərin göstəricisidir”.
Anım tədbirində dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən “Vətənə, xalqa həsr edilən ömür” sənədli filmi də nümayiş etdirilib.