Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il keçir.
Nadir zəka sahibi, dahi şəxsiyyət Heydər Əliyevin həyatı və fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün örnək və qürur mənbəyidir. Bütün mənalı ömrünü Vətənə və xalqa həsr edərək, daim qürurla “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” - deyən dahi rəhbər ölkə tarixində parlaq izlər qoyaraq əbədiyyətə qovuşmuşdur. Qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevin anım gününü dərin minnətdarlıq hissləri ilə qeyd edir.
Dekabrın 12-də ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasında anım günü ilə əlaqədar tədbir keçirilib. İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının tarixi Qələbəsi – Zəfər Günü münasibətilə kafedranın nəzdində yaradılmış “Qarabağ Azərbaycandır” şöhrət guşəsində keçirilən həmin tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra kafedranın əməkdaşları və tələbələr Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Kafedranın müdiri, dosent Fəridə Əli tədbirdə giriş sözü ilə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb, dahi şəxsiyyətin ömür yolunun hər bir vətənpərvər insan üçün nümunəvi məktəb olduğunu qeyd edib. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illərin Azərbaycanın çoxəsrlik tarixinə yeni mədəni intibah, iqtisadi-sosial tərəqqi, milli oyanış dövrü kimi daxil olduğunu vurğulayan Fəridə Əli, görkəmli şəxsiyyətin müstəqil dövlət quruculuğundakı misilsiz xidmətlərini xatırladıb. O, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu deyərək, müstəqilliyimizin dönməz xarakter almasının, iqtisadiyyatımızın sürətli inkişafının, ordu quruculuğunun bu dövrün əsas mahiyyətini təşkil etdiyini diqqətə çatdırıb. Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını xalqımızın heç zaman unutmayacağını söyləyən kafedra müdiri vurğulayıb ki, məhz hər il dekabrın 12-də və mayın 10-da Fəxri Xiyabanda yaşanan izdiham da Heydər Əliyevin xatirəsinə böyük ehtiramdan xəbər verir. Görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir, ölkəmizi inamla irəliyə aparır.
Tədbir iştirakçıları Ulu Öndərin vəsiyyətlərinə daim əməl edəcəklərini, onun əziz xatirəsini öz səmərəli fəaliyyətləri və nümunəvi əməlləri ilə yaşadacaqlarını bildiriblər.