Çirkli su bütün canlılar üçün ciddi təhlükədir
İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının rezidenti məruzə ilə çıxış edib
ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası Rezidentura və magistratura şöbəsi ilə birgə ilk dəfə seminar keçirib.
Şöbə müdirinin müavini, assistent Namiq Xəlilov tədbirin moderatoru kimi seminarda müzakirəyə çıxarılan mövzunun aktuallığına diqqət çəkib və bildirib ki, gigiyena ixtisası üzrə rezident Günel Yusubovanın müraciət etdiyi mövzu da məhz günümüzün reallığıdır: “Bildiyimiz kimi, insan sağlamlığına təsir edən bir sıra risk amilləri var ki, burada içməli suyun yeri danılmazdır və onun antropogen çirklənməsi hal-hazırda dünyanın gündəmində olan qlobal problemdən biridir”.
İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva rezidentin seçdiyi mövzunun aktuallığını bir daha vurğulayaraq, tələbələri məruzəni diqqətlə dinləməyə, müzakirələrdə aktiv olmağa çağırıb. Universitetdə təhsil alan rezidentlərin fəallığını xüsusi qeyd edən İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva rezidentlərlə tədris-təcrübənin düzgün təşkilinə görə kafedranın dosenti Fərəh Baxışlıya təşəkkür edib. O bildirib ki, rezident və magistrantlara, eləcə də onların kurator və elmi rəhbərlərinə kafedrada rahat şərait yaradılıb və daim dəstək verilib. Bu seminarın kafedrada ilk dəfə təşkil olunduğunu vurğulayan Y.Hacıyeva gələcəkdə belə maraqlı və səmərəli tədbirlərin davamlı keçirilməsinə ümid etdiyini bildirib.
Bundan sonra I kurs rezident G.Yusubovanın “Sağlamlıq və ətraf mühitin risk amilləri. Antropogen çirklənmiş su” adlı məruzəsi dinlənilib. O, diqqətə çatdırıb ki, su ekosistemlərinin çirklənməsi bütün canlı orqanizmlər, xüsusən də insanlar üçün böyük təhlükə yaradır: “İnsan sağlamlığı üçün çirklənmiş suyun istifadəsi, eləcə də onunla təmasda yaranan mənfi təsirlər ya birbaşa içmə yolu ilə, ya da uzun qida zəncirləri boyunca bioloji yığılma nəticəsində baş verir. İnsan çirklənmiş su ilə təmasda olduqda, müxtəlif parazitlər dəriyə nüfuz edir və ciddi xəstəliklərə səbəb ola bilir. Müasir şəraitdə suyun bakterial çirklənməsi nəticəsində vəba, qarın yatalağı, dizenteriya və s. epidemik xəstəliklərin yayılma təhlükəsi artır”.
Geniş diskussiya şəraitində keçən tədbirdə mövzuya dair suallar məruzəçi tərəfindən cavablandırılıb. Kafedranın dosenti F.Baxışlı qeyd edib ki, kuratoru olduğu rezident G.Yusubova çalışqan olduğu kimi, elmə də böyük maraq göstərir.
Tədbirdə İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müəllimləri, magistrantları, rezidentləri və İctimai səhiyyə fakültəsinin II-ci kurs tələbələri iştirak ediblər.