Yığıncağı giriş sözü ilə açan ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev toplantının məqsədini diqqətə çatdırıb: “Dekan vəzifəsi universitetdə ən aparıcı sahə olduğundan bu işin öhdəsindən yalnız bacarığı və səriştəsi olanlar gələ bilir. Bu vəzifəni daşımaq nə qədər çətin və şərəflidirsə, bir o qədər də məsuliyyətlidir. Çünki burada işin mahiyyəti onu icra edəndən nizam-intizam tələb edir. Mən inanıram ki, məhz bu keyfiyyətlər namizədliyi qeydə alınan Qalina xanımda var”. Çıxışında tədrisin aparılma qaydalarına da toxunan prorektor bəzi kafedralarda bir sıra neqativ hallara da rast gəlindiyinə və test suallarında müəyyən qüsurların olduğuna diqqət çəkib. Belə halların gələcəkdə təkrarlanacağı halda, ciddi tədbirlərin görüləcəyini söyləyən S. Əliyev əlavə edib ki, universitetdə xoşagəlməz hadisələrin baş verməsi tədrisin keyfiyyətinə zərər vurur və dərs prosesinin gedişatında problemlər yaradır.
Dosent Qalina Qəniyevanın tərcümeyi-halı və pedaqoji fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən ATU-nun elmi katibi, professor Nazim Pənahov bildirib ki, ötən tədris ilində İctimai səhiyyə fakültəsinin keçmiş dekanı, professor Anar Ağayev öz xahişi ilə vəzifəsindən gedəndən sonra onun müavini Qalina xanım bu vəzifəni icra etməyə başlayıb. Bu günlərdə isə “Təbib” qəzetində İctimai səhiyyə fakültəsinə dekan seçkisi üçün elan dərc edilib. Həmin elana əsasən İctimai səhiyyə fakültəsinin tərkibində olan doqquz kafedranın əməkdaşları və Elmi Tədqiqat Mərkəzinin kollektivi tərəfindən ümumi yığıncaqlar təşkil olunaraq dosent Qalina Qəniyevanın fakültənin bu vəzifəyə namizədliyi irəli sürülüb.
Bundan sonra çıxış edənlər Qalina Qəniyevanın peşəkar fəaliyyətindən bəhs edərək, onun dekan vəzifəsinə təyin olunmazdan əvvəl uzun illər dekan müavini, çalışdığı kafedranın fəal əməkdaşı kimi bir sıra vəzifələrin öhdəsindən də uğurla gəldiyini açıqlayıblar. İşlədiyi son tədris ili ərzində Qalina xanımın bir dekan kimi göstərilən etimadı layiqincə doğrultduğunu qeyd edən natiqlər, onun universitetin ictimai həyatındakı rolunu, eləcə də tələbələrə və əməkdaşlara olan xoşməramlı münasibətini, insani və pedaqoji keyfiyyətlərini yüksək qiymətləndiriblər.
Namizəd öz platformasını diqqətə çatdırdıqdan sonra professor İbadulla Ağayevin sədrliyi ilə formalaşdırılan Səsvermə Komissiyası gizli səsvermə keçirib. Bu zaman bütün iştirakçıların lehinə səsverməsi ilə dosent Qalina Qəniyeva yenidən İctimai səhiyyə fakültəsinin dekanı seçilib.