Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Teatr Klubu”nun 10-cu mövsümü münasibəti ilə təşkil etdiyi ATU-nun I Teatr Festivalı teatrın bədii rəhbəri və sədri Dilbər Rahim Əliyeva tərəfindən açıq elan edilib. Tamaşa ATU-nun rektoru, professor Gəray Gəraybəyli, universitetin rəhbər heyəti, tələbələr tərəfindən maraqla izlənilib.
Tamaşa yaddaqalan epizodlarla zəngindir. Nisə adlı daş-qaş alverçisi olan bir xanım müştərilərinə saxta malları tərifləyərək baha qiymətə satır. Onun Gülbikə və Məleykə adlı iki qızı var. Evlənmək vaxtı çoxdan keçmiş qızlarının ailə qurmasını istəyir. Buna görə Nisə alverçi rəfiqəsi Marala tapşırır ki, onun qızlarına nişanlı tapsın. Bir gün Maral Nisəyə xəbər gətirir ki, onun kiçik qızına elçi düşüblər. Elçi düşən isə Zaur adlı bir bankirdir. Elçilik zamanı Nisəyə öz bankına guya yüksək faizlə əmanətlər qəbul etdiyini və tez bir zamanda onun varlanmaq ehtimalı olduğunu deyir. Nisədə daha da zənginləşmək həvəsi artır. Aldatdığı müştərilərindən əldə etdiyi pulları banka qoyur. Sonda Zaurun da dələduz olduğu meydana çıxır. Nisədən və o cümlədən müştərilərindən əldə etdiyi pulları götürərək aradan çıxır.
Böyük ticarət mərkəzi olan Atakişiyə də Nisə saxta mal sataraq aldadır. Məsələnin üstü açılanda Atakişinin sonda ürəyi dözmür və həyatı ilə vidalaşmalı olur.
Universitetin tələbələri rolları məharətlə ifa edərək dəfələrlə tamaşaçıların alqışlarını qazanıblar.
Nisə rolunu ifa edən Selcan İsazadə, Atakişi rolunu ifa edən Nihad Novruzlu, Səmayə rolunu ifa edən Samirə Heydərova, ekstrasens rolunu ifa edən İlahə Əliyeva, Məleykə rolunu ifa edən Əfsanə Əliyeva, Gülbikə rolunu ifa edən Aytac Şükürlü ifa edikləri rollarla fərqlənib və yaddaqalan obrazlar yaradıblar.
Qeyd edək ki, I Teatr Festvalı davam edəcək, “Teatr Klubu” “Bankir adaxlı”dan başqa 3 tamaşanı tamaşaçıların ixtiyarına verəcək.