Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb.
Qurultaydan əvvəl Fəxri xiyaban ziyarət edilərək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla anılıb, məzarları önünə əklil və gül dəstələri qoyulub.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.
Qurultaya ümumi, orta ixtisas, peşə, ali təhsil və elmi müəssisələrdən 1600-dən çox nümayəndə qatılıb. Azərbaycan Tibb Universitetindən qurultayda Rektor, professor Gəray Gəraybəyli, Tədris işlər üzrə prorektor, professor Sabir Əliyev, Universitetin Elmi katibi, professor Nazim Pənahov, Tədris departamentinin müdiri, dosent Kamandar Yaqubov və I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Qurultay Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasının uşaq xorunun ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın və ötən qurultaydan keçən müddət ərzində vəfat etmiş təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına məktubunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev hesabat məruzəsi ilə çıxış edib.
Qurultayın açılış mərasimində, həmçinin Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ADA Universitetinin rektoru Hafiz Paşayev, Füzuli şəhər Uluqbəy adına 7 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, Bərdə şəhəri tam orta məktəbin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Ceyhun Əsədov çıxış ediblər.
Qurultayın birinci günündə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzularında panel sessiyaları keçirilir.
İki gün davam edəcək qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri, beynəlxalq, özəl, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, ekspertlər və digər qonaqlar iştirak edirlər.