ATU-nun Stomatoloji Klinikası ilə Rezidentura və magistratura şöbəsi növbəti dəfə stomatologiya sahəsi üzrə təhsil alan rezidentlər üçün seminar təşkil edib.
Seminarda universitetin Ortopedik stomatologiya kafedrasının dosenti Orxan Əliyevin “Adgeziv sistemlərin ortopedik aspektləri” mövzusunda məruzəsi dinlənilib.
Tədbiri giriş nitqiylə açan klinikanın direktoru, t.ü.f.d, dosent Mahir Səfərov məruzəçi haqqında qısa məlumat verib və qeyd edilən mövzunun müasir dövrdə aktuallığından danışıb.
Bundan sonra çıxış edən dosent Orxan Əliyev müasir stomatologiyada ortopedik konstruksiyalarin adgeziv sementlənmə protokollarına istinad edərək, dağılmış dişlərin bərpa metodları, həmçinin dişlərin strukturu, endodontik müalicə üsulları və müddəti, eləcə də ortopedik sistemlərin estetik tələblərə uyğun seçilməsindən ətraflı söhbət açıb. Məruzəçi çıxışında biomimetika fəlsəfəsinin anlayışını geniş şəkildə rezidenlərin nəzərinə çatdırıb. Mühazirə dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Seminarda Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov, Terapevtik stomatologiya kafedrasının müdiri, dosent Vaqif Həsənov və dosent Səlimə Məmmədova mövzuyla bağlı fikirlərini bölüşüb və belə elmi tədbirlərin rezidentlərin həyatında əhəmiyyətli rol oynadığını vurğulayıblar.