Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk prezidenti, tanınmış ictimai xadim, akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 140 illiyi münasibətilə dekabrın 18-də tədbir keçirilib.
Tədbirdən öncə ictimaiyyət nümayəndələri görkəmli alimin Fəxri Xiyabandakı məzarını ziyarət edib, abidəsi üzərinə tər gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
AMEA-nın Rəyasət Heyətinin binasında baş tutan tədbirdə akademik Mirəsədulla Mirqasımovun həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov akademik Mirəsədulla Mirqasımovun Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafındakı tarixi xidmətlərindən danışıb. İ.Qasımov qeyd edib ki, ilk azərbaycanlı alim-cərrah həyatını urologiya, cərrahiyyə və onunla bağlı sahələrin inkişafına, Azərbaycan elminin təşkilatlanmasına həsr edib. Nazir müavini, həmçinin Azərbaycanın ilk tibb elmləri doktoru və milli səhiyyənin qurucularından biri olan akademik Mirəsədulla Mirqasımovun cərrahiyyə sahəsində apardığı elmi-praktiki işlərin əhəmiyyətini vurğulayıb.
Öz çıxışlarında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisinin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov və digərləri görkəmli alimlə bağlı xatirələrini bölüşərək, Mirəsədulla Mirqasımovun yüksəkixtisaslı tibb üzrə kadrların hazırlanmasındakı fəaliyyətindən və onun elmi araşdırmalarının bu gün də öz aktuallığını qorumasından danışıblar.
Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli çıxış edərək, M.Mirqasımov Azərbaycan Tibb İnstitutunda çalışdığı dövrdə bu elm və təhsil ocağının nəzdində klinikaların yaradılması barədə çox düşündüyünü qeyd edib:“Buna nail ola bilməsə də, onun ideyaları bu gün reallaşıb. Belə ki, universitetin dörd klinikası fəaliyyət göstərir. Böyük alim 1958-ci ildə dünyasını dəyişsə də, onun tibb elminə qoyub getdiyi böyük irsi, nəşr edilmiş saysız-hesabsız əsərləri indi də praktikada geniş istifadə olunur. Məsələn, onun 1957-ci ildə rus dilində çapdan çıxmış "Qarın yatalağı cərrahiyyəsi" kitabı dəyərli dərs vəsaiti kimi bu gün də öz əhəmiyyətini itirməyib”.
“Hamımız yaxşı bilirik ki, xalqımız tarixən həkimlik sənətinə ən ülvi peşə, həkimə isə müqəddəs şəxs kimi baxıb. Sənətini yaxşı bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran həkimlərə həmişə böyük hörmət qoyulub. Xalqımızın qürur və məhəbbətlə çəkdiyi adlar sırasında xüsusi yer tutan akademik Mirəsədulla Mirqasımov əbədi olaraq Azərbaycan səhiyyə tarixində ən yüksək məqamlardan birində dayanacaqdır”.