Bu gün Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan “Təbib” qəzetinin 90 illik yubiley tədbiri keçirilib.
Əvvəlcə dövlət himnimiz səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirin aparıcısı Dilbər Rahim-Əliyeva Tibb Universitetinin əməkdaşlarını və qonaqları salamlayaraq sözü universitetin rektoru, professor Gəray Gəraybəyliyə verib.
Bu əlamətdar hadisə münasibətilə universitetimizin çoxminli kollektivini, o cümlədən qəzetin redaksiya heyətini və oxucularını ürəkdən təbrik edən rektor, “Təbib” qəzetinin ilk sayının 1932-1938-ci illərdə Tibb İnstitutuna rəhbərlik etmiş böyük ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin şəxsi təşəbbüsü, böyük qayğısı ilə 16 dekabr 1933-cü ildə işıq üzü gördüyünü xatırladıb. O, “Tibbi qadro uğrunda” adı ilə çap olunan qəzetin nəşrinin nəinki institutun əməkdaşları tərəfindən, eləcə də respublikanın bütün tibb ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayaraq qeyd edib ki, qəzet elə ilk sayından etibarən milli kadrları, sadə zəhmət adamlarının övladlarını, əsasən də qızları Tibb İnstitutuna cəlb etmək üçün aparılan işlərin təbliğinə xüsusi diqqət ayırıb: “Həmin dövrdə Azərbaycan və rus dillərində çıxan qəzetin səhifələrində institutun professorlarından Əziz Əliyevin, İ.İ.Şirokoqorovun, M.A.Topçubaşovun, Trubinin, Lukovun və başqalarının imzalarına daha çox rast gəlinir.
1937-ci ilin 20 noyabrından “Medisina kadrları uğrunda” adı altında öz fəaliyyətini davam etdirən qəzetin nəşri 1941-ci ilin iyun ayında İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar müvəqqəti olaraq dayandırılıb.
Sonralar müxtəlif fasilələrlə işıq üzü görən qəzet 1966-cı ildə Püstəxanım Yüzbaşinskayanın redaktorluğu ilə nəşrini yenidən bərpa edib. 1969-cu ildən “Tibb kadrları uğrunda” adı ilə fəaliyyət göstərən qəzet 1990-cı ilin sentyabr ayından etibarən “Təbib” adı ilə nəşr olunur.
Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətinin əsas prioritetlərindən biri söz azadlığı, mətbuatın müstəqilliyi idi. Məhz Ulu Öndərin apardığı uğurlu siyasət müasir mətbuatın inkişafının bünövrəsini təşkil edir. Azərbaycan mətbuatının böyük banisi olan Ulu Öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərindən senzuranı ləğv etdi. Məhz bundan sonra mətbuatımızın azad cəmiyyətin və demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı. Bundan başqa, “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatlarının inkişafını şərtləndirən hüquqi baza oldu. Eləcə də kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər proqramı təsdiq olundu. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan və mətbuata hərtərəfli dövlət qayğısını özündə əks etdirən siyasi kurs 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
İstər tədris prosesi, istərsə də elmi fəaliyyət istiqamətinin “Təbib” qəzetində artıq 90 ildir ki, işıqlandırıldığını, universitetimizin ictimai-sosial həyatında baş verən yeniliklər, dünya tibb təhsili sisteminə inteqrasiya istiqamətində son illər həyata keçirilən islahatların oxuculara çatdırıldığını söyləyən professor G.Gəraybəyli, Azərbaycan Tibb Universitetinin aynası olan “Təbib” qəzetinin kollektivini təbrik edib, 90 yaşlı qocaman qəzetə yeni-yeni uğurlar arzulayıb.
Bir qəzetin, bir mətbuat orqanının 90 ildir işıq üzü görməsini, insanları həm məlumatlandırması, həm də eyni zamanda maarifləndirməsini böyük bir hadisə kimi səciyyələndirən qəzetin baş redaktoru, Vətən müharibəsi qazisi Məğrur Əliyev qəzetin tarixilik funksiyasından söz açıb: “Təbib” qəzeti 90 ildir ki, Azərbaycan Tibb Universitetinin salnaməsini yaradır, tarixini özündə yaşadır. Qəzetdə dərc olunan materiallar gələcək tədqiqatçılar üçün əhəmiyyətli bir mənbədir. Qəzet sənədləşmədir, qəzet etibarlı informasiya mənbəyidir və qəzet sonradan dəyişilə bilməyən məsuliyyətli əmək məhsuludur. Və nəhayət, qəzeti əlində tutmaq, toxunmaq, onu hiss etmək tamam başqa bir duyğudur”.
Bütün bunlarla yanaşı, qəzetimizin müasir şərtlərə uyğunlaşdığını və onun üstün cəhətlərindən uğurla istifadə etdiyini də diqqətə çatdıran redaktor bildirib ki, qəzetdə yer alan bütün yazılar, xəbərlər mütəmadi olaraq universitetin saytında yerləşdirilir. Nəticədə daha böyük oxucu kütləsi əhatə edilmiş olur. Hətta bir çox hallarda digər elektron informasiya vasitələri, bəzən televiziya kanalları vasitəsilə də məhz ilkin mənbə olaraq “Təbib” qəzetinin hazırladığı materiallar bütün ölkəmizə yayılır.
1990-cı ilin sentyabr ayından etibarən Azərbaycan Dövlət Tibb Universitetinin mətbu orqanının “Təbib” adı ilə nəşr olunduğunu xatırladan M.Əliyev qeyd edib ki, 1997-ci ilin iyun ayından tanınmış şair-yazıçı, hamımızın böyük ehtiramla yada saldığımız mərhum Eldar İsmayılın baş redaktorluğu ilə yeni redaksiyada fəaliyyətə başlayan və ayda iki dəfə işıq üzü görən “Təbib” qəzeti sözün əsl mənasında Tibb Universitetinin güzgüsünə çevrilib.
Onu da vurğulayıb ki, universitet rəhbərliyinin rəsmi görüşləri, Həmkarlar İttifaqı təşkilatları, Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının fəaliyyəti, o cümlədən tədris hissə, fakültə və kafedralarda baş verən yeniliklər daim diqqət mərkəzimizdədir. Oxucular “Təbib” qəzetində mütəmadi olaraq universitetimizin klinikaları – Tədris Cərrahiyyə, Tədris Terapevtik, Tədris Onkoloji və Tədris Stomatoloji klinikalarda həyata keçirilən tədris və elmi fəaliyyət, eləcə də müayinə-müalicə işləri haqda yazılarla tanış ola bilirlər.
“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin ən önəmli məqamları, xüsusilə Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad olunması, bütün Qarabağ ərazisində suverenliyimizin təmin olunduğu lokal antiterror əməliyyatı, qazilərimizin reabilitasiyası, o cümlədən Zəfər Gününün ildönümləri diqqət mərkəzində saxlanılıb” – söyləyən baş redaktor, 90 illiyini qeyd etdiyimiz “Təbib” qəzetinin bundan sonra da öz şərəfli missiyasını məsuliyyətlə və zamanın tələblərinə uyğun davam etdirəcəyini bildirib.
M.Əliyev qəzetin fəaliyyəti ilə bağlı bir istiqaməti xüsusi vurğulayıb: “2021-ci ilin yazından etibarən qəzetimiz Azərbaycan Tibb Universitetinin şəhid tələbə və məzunları haqda geniş, silsilə araşdırma yazıları dərc etməyə başladı. Biz 20 Yanvar hadisələrindən başlayaraq, bu ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatında qəhrəmancasına həlak olmuş sonuncu şəhidimiz də daxil olmaqla, bütün 32 şəhid tələbə və məzunlarımızın hamısını əhatə etdik. Redaksiyanın təşəbbüsü və rektorumuz, professor Gəray Gəraybəylinin hərtərəfli dəstəyi ilə bu yazıları bir yerə toplayaraq kitab halında dərc etdirdik. “Vətən səmasında ulduzdu şəhidlər” adlı kitabımızı bu yubiley tədbirimizdə təqdim etməkdən qürur duyuram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Arzumuz budur ki, şəhidlərimizin sayı bundan artıq olmasın”.
Universitetimizin bəzi əməkdaşlarının “Təbib” qəzeti haqda fikirlərinin əks olunduğu videoçarxın nümayişindən sonra Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxış edib. Yubiley tədbirinə dəvət olunmasından məmnunluğunu bildirən natiq, universitetin həyətində ilk olaraq hərbi geyimli gənclərlə qarşılaşdığını, onların hərbi həkim ixtisası alan tələbələr olduğunu öyrəndikdə, böyük qürur hissi keçirdiyini vurğulayıb. R.Məcid ATU-nun hərbi tibb işçiləri yetişdirməsini Azərbaycan dövlətinin müstəqilliyinin bir göstəricisi kimi dəyərləndirib. O, zaman dəyişsə də Tibb Universitetinin əvvəlki nüfuzunu qoruyub saxladığına diqqət çəkib: “Bu gün “Təbib” qəzetinin yubileyinin keçirilməsi o tarixi salnaməni özündə əks etdirən mətbu orqana bir vəfa, etibar borcudur. Burada Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, vaxtilə Tibb İnstitutunun rektoru olmuş Əziz Əliyevin xatırlanması da təsadüfi deyil. Çıxışlarda “Təbib” qəzetinin gördüyü işlər barədə danışıldı. Mən qəzetin kollektivi barədə demək istəyirəm ki, burada çox istedadlı, peşəkar jurnalistlər çalışırlar. Onları bir daha təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram”.
Çıxışının sonunda R.Məcid Azərbaycan səhiyyəsinin, tibb sahəsindəki elmi yenilik və nailiyyətlərin peşəkar təbliğindəki ardıcıl, məqsədyönlü fəaliyyətinə görə və 90 illik yubileyi münasibətilə Mətbuat Şurasının “Təbib” qəzetini xüsusi diplomla təltif etdiyini bildirib və diplomu qəzetin redaktoruna təqdim edib.
Daha sonra Azərbaycan Jurnalistlər Birliyinin səhiyyə sahəsində kadr hazırlığı işinin təbliği və nəşrə başlamasının 90 illik yubileyi münasibətilə “Təbib” qəzetini təltif etdiyi diplom təqdim olunub.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri, yazıçı-publisist Natiq Məmmədli bu gün Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin qəzetləri içərisində “Təbib” qəzetinin tamamilə fərqləndiyini diqqətə çatdırıb. Eyni zamanda bu qəzetin Azərbaycan mediasında ən çox istinad olunan informasiya resurslarından biri olduğunu söyləyib: “Bilirsiniz ki, sağlamlıq, insan səhhəti ilə bağlı olan məsələlər daim diqqətdədir və bu çox ciddi bir kütləvi informasiyadır. Bu fədakar işlə məşğul olan həmkarlarımızı təbrik edirik”.
Tanınmış telejurnalist və publisist, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Qulu Məhərrəmli öz çıxışında yazılı mətbuatın əhəmiyyətinə xüsusi diqqət ayırıb: “Qəzet ona görə mötəbərdir ki, onun yazdıqları qalıcıdır. İnternetdən mötəbər arxiv kimi istifadə edə bilmirik. Çünki bir düymə basılmaqla oradakı arxiv silinib gedə bilər. Amma qəzet həmişə qalır və dönə-dönə ona müraciət edirik. Qəzet həm də bu günümüzdür. Amerikalılar qəzetə tarixin saniyə əqrəbləri kimi baxır. Yəni bu gün nə baş verir, necə baş verir, hamısı qəzetin səhifələrindədir”.
Bu mənada “Təbib” qəzetinin də üzərinə böyük missiya düşdüyünü deyən professor, tibbi maarifləndirmənin xüsusi önəm daşıdığını vurğulayıb: “Əminəm ki, qəzet əməkdaşları eyni şövqlə, eyni ruhla fəaliyyətlərini davam etdirəcəklər. Qələminiz və sözünüz həmişə kəsərli olsun”.
Tanınmış yazıçı və şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin məsləhətçisi Seyran Səxavətin emosional, fərqli çıxışı tədbir iştirakçılarında xüsusi bir ovqat yaradıb. Xəyalən 55 il əvvələ qayıdan yazıçı, gənc şairlərin tibb tələbələri ilə görüşündə iştirak etməsindən danışıb. Eyni zamanda bu yubiley tədbirinin Zəfər Günündən sonraya, gözəl bir vaxta təsadüf etdiyi üçün daha da ürəklə qeyd edildiyini vurğulayıb. Qəzetin 90 illik yubileyini təbrik edən, ATU-nun şəhid tələbə və məzunları haqda kitabla bağlı təsirli fikirlərini səsləndirən Seyran Səxavət, 55 il əvvəl Tibb İnstitutunun auditoriyasında söylədiyi şeirini bu günün gəncləri ilə bölüşüb. Şeir tədbir iştirakçılarının alqışları ilə qarşılanıb və yubiley tədbiri poetik bir ovqatda başa çatıb.
Qeyd edək ki, tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Mirzəyev, tanınmış politoloq, tarix üzrə fəlsəfə doktoru Anar Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli, Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdir müavini Qulu Xəlilov, tanınmış jurnalist, “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu və digər qonaqlar, eləcə də Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti, tələbə və kursantları iştirak edib.