Tibb Universitetində Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının beynəlxalq konfransı keçirib
Dekabrın 19-da Azərbaycan Tibb Universitetində Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA) tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Dövlət Himnimiz səsləndirildikdən, Ümummilli Liderin və Vətənimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfrans öz işinə başlayıb.
Konfransın mahiyyəti barədə AzTV-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli geniş məlumat verib. Bildirib ki, konfransda 44 gülük Vətən müharibəsinin çoxsaylı qalibləri, o cümlədən şəhid anası Zülfiyyə xanım Quliyeva və könüllü həkimlər iştirak edir. O, müzakirələrin “Könüllülük hərəkatının səhiyyə sektorunda rolu: mövcud reallıqlar və perspektivlər” mövzusunda davam edəcəyini, bu müzakirələrə bir sıra xarici ölkələrin könüllü həkimlərinin onlayn qoşulacağını qeyd edib.
AKHA-nın sədri, Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Oktay Mehdiyev öz çıxışına müharibə veteranları, qazilər və şəhid Nurlan Quliyevin anası Zülfiyyə Quliyevaya tədbirdə iştiraklarına görə təşəkkürünü bildirməklə başlayıb. Rəhbərlik etdiyi təşkilatın 500-dən artıq üzvü olduğunu və 3 il ərzində xeyli qazilərimizə və şəhid ailələrinə təmənnasız tibbi xidmət göstərdiklərini söyləyib: “Qarabağ və Şərqi Zəngəzurda həkimlərimiz tibbi xidmət göstərərkən, paralel olaraq 20-dən çox digər şəhər və rayonlarımızda həssas təbəqə üzvlərinin müayinə və müalicəsi məqsədilə “Azərbaycanın regionlarında şəhid ailə üzvləri və qazilərin sağlamlığı” layihəsinə başladıq. Bu aksiya çərçivəsində 25 ixtisas üzrə ümumilikdə 100-dən çox həkim tərəfindən 1500-dən çox şəhid ailə üzvü və qazilərimiz müayinə olundu və 15 mindən çox tibbi prosedur həyata keçirildi. 100-dən çox vətəndaşımız Bakı şəhərində yerləşən öncül xəstəxanalarımıza gətirilərək cərrahi əməliyyat edildi.
Regionlarda təşkil etdiyimiz aksiyalar zamanı və sosial şəbəkə hesablarımıza olunan müraciətlər əsasında şəhid ailə üzvləri və qazilərin stomatoloji yardımlara ehtiyac duyduğunu müəyyənləşdirdik və dərhal yeni bir layihəyə start verdik. Bu vəsilə ilə bizə müraciət edən 2000-dən çox həssas təbəqə üzvünə 350-dən çox dental implant, 100-dən çox şəhid övladına isə breket müalicəsi və digər stomatoloji prosedurlar həyata keçirdik”.
O.Mehdiyev təşkil etdikləri digər aksiyalardan və qardaş Türkiyədə baş verən zəlzələ zamanı könüllü həkimlərin göstərdiyi fəaliyyətdən də söhbət açıb.
Konfransa onlayn şəkildə İtaliya, Pakistan, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən könüllü həkimlər də qoşulub, keçirilən tədbirin əhəmiyyəti və mahiyyəti barədə fikirlərini bildiriblər.
Şəhid ailələri adından çıxış edən Zülfiyyə Quliyeva onlara göstərilən diqqət və qayğıya görə könüllü həkimlərə təşəkkürünü bildirib.
Konfransda çıxış edən digər natiqlər AKHA-nın fəaliyyətindən geniş bəhs ediblər.