Dekabrın 20-də imtahan nəzarətçiləri ilə görüşən Azərbaycan Tibb Universitetinin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev artıq 12 ildir ki, imtahanların testlə aparıldığına xatırladıb. Onun sözlərinə görə, bu illər ərzində testin formalarının dəyişdirilməsi, təkmilləşdirilməsi sayəsində müəyyən problemlər öz həllini tapıb. Yəni əsas məqsəd odur ki, tələbələr əzbərçilikdən uzaqlaşsın, fənni yaxşı öyrənsin. Son dövrlərdə aralıq sorğularının da İmtahan Mərkəzində kompüterlərlə aparıldığını söyləyən prorektor imtahan nəzarətçılərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Bildirib ki, hər bir nəzarətçi öz sırasına cavabdehlik daşıdığından tələbələrin özünü necə aparmasını və digər texniki vasitələrdən istifadə edib-etməməsini daim diqqətdə saxlamalı, ancaq bu nəzarəti tələbə ilə münaqişə səviyyəsinə çatdırmamalıdır. İmtahan prosesində müəyyən xoşagəlməz hallarda yol verildiyini təəssüf hissi ilə vurğulayan prorektor, bəzi nəzarətçilərin tələbələrlə məqsədli şəkiildə əlaqə yaratmasından narahatlığını dilə gətirib: “Tələbələrlə qabaqcadan elə iş aparmaq lazımdır ki, onlar qeyri-qanuni yolla imtahanda müvəffəqiyyət qazanmağın mümkünsüzlüyünə inanaraq ancaq öz biliklərinə arxalansınlar”.
Görüş zamanı imtahanların vaxtı haqqında nəzarətçiləri məlumatlandıran Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov, imtahan nəzarətçilərinin sayının əvvəlki illərlə müqayisədə xeyli azaldıldığını söyləyib. Onu da nəzarətçilərin diqqətinə çatdırıb ki, imtahan zalında tələbələrlə yüksək tonda danışmağa ehtiyac yoxdur. Çünki tələbələrin əsas iradlarından biri də imtahan zalında səs olması ilə bağlıdır: “Bundan başqa, imtahan başlayanda tələbənin hansı masada oturması məsələsini siz həll edirsiniz. Bilirsiniz ki, bir gündə 2000 tələbə imtahan verir. Əgər həmin tələbələr öz ailə üzvləri ilə imtahan prosesini müzakirə edərsə, görün bir gündə nə qədər ailədə universitetdə imtahan prosesi ilə bağlı müzakirələr aparılır. Ona görə də uğurlu fəaliyyətimizə kölgə salan hərəkətlərə yol verməməliyik”.
İmtahan-nəzarət qrupunun rəhbəri Pəri İsaqova nəzarətçilərin daha çox diqqət yetirməli olduqları məsələlərdən söhbət açib və mövcud problemlərin həllinə dair öz təkliflərini irəli sürüb.
Görüşdə iştirak edən imtahan nəzarətçilərini narahat edən məsələyə də toxunan prorektor S. Əliyev şənbə günlərinə imtahan salınmayacağını bildirib, indiyədək yol verilən nöqsanların aradan qaldırılacağına, nəzarətçilərin öz işlərinə bundan sonra daha məsuliyyətlə yanaşacaqlarına əminliyini ifadə edib.