Rusiyanın Moskva şəhərində “Plastik cərrahiyyə, estetik təbabət və kosmetologiya” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah, ATU-nun Tədris Cərrahiyyə Klinikasında plastik cərrahiyyə ixtisası üzrə təhsil alan rezidentlərin kuratoru, professor Vaqif Qələndər təmsil edib. O indiyədək apardığı mürəkkəb dərəcəli plastik əməliyyatlar, eləcə də estetik cərrahiyyə sahəsində dünyada tətbiq olunan yeni metodları barədə məlumat verib və bu sahədə qazandığı nailiyyətləri, əldə etdiyi təcrübəni tədbir iştirakçıları ilə bölüşüb.
Konfrans çərçivəsində Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyəti ilə Azərbaycan Plastik Cərrahlar Assosiasiyası arasında əməkdaşlıq memorandumu da imzalanıb.