ATU-nun İctimai səhiyyə fakültəsinin təşəbbüsü və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə fakültənin 3 yeni ixtisasında təhsil alan tələbələr arasında növbəti “İxtisasını tanıt” müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd tələbələrin öz ixtisaslarını tanıdıqları qədər tanıtması və buna hazırlaşarkən apardıqları araşdırmalar zamanı onlarda sual doğuran məqamlara cavab tapmaları olub.
Münsiflər heyətinin üzvləri - İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Y.Hacıyeva, dosent M.Məhərrəmov, Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent F.Əli və Uşaq-yeniyetmələr sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Ş.Balayeva 3 əsas meyarı - mövzunun əhatəliliyi, elektron təqdimatın keyfiyyəti və çıxışı əsas tutaraq tələbələri qiymətləndiriblər.
Təhsil aldığı ixtisası ən gözəl şəkildə tanıdan Ruslan Dursunov “Tibb bacısı işi” ixtisası üzrə birinci yerə layiq görülüb. “İctimai səhiyyə” ixtisası üzrə Aişə İbrahimova ikinci, Sevinc Mustafayeva və Familə Babazadə müvafiq olaraq üç və dördüncü yerləri tutublar.
Müsabiqənin sonunda qalib tələbə R.Dursunovkubok, diplom və xatirə hədiyyəsi olaraq qulaqcıqla mükafatlandırılıb. Digər üç tələbə isə kubok, diplom və “Libraff”dan hədiyyə kartı qazanıb.
Müsabiqədə qonaq olaraq Əczacılıq fakültəsinin dekanı Fərəh Mədətli, Stomatologiya fakültəsinin dekanı Elmira Əliyeva və hər iki fakültə üzrə qrup tələbələrinin iştirakı çox sevindirici oldu.
İctimai səhiyyə fakültəsi qalibləri təbrik edir, onlara təhsil həyatında uğurlar arzu edir.