İctimai fəallığı ilə fərqlənən Azərbaycan Tibb Universitetinin Biokimiya kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Firəngiz Quliyeva bu günlərdə “Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində növbəti dəfə işğaldan azad edilmiş ərazilərimizdəki hərbi hissələrdə olub.
F.Quliyeva ölkəmizin dilbər guşələrindən sayılan Laçında 3 hərbi hissənin “Əsgər kitabxanası”na universitetin müəllim və tələbələrinin topladığı 400-ə yaxın kitabı hədiyyə edib. O, əsgərlərlə görüşləri zamanı Vətənimizin keşiyində dayanmış oğullara universitet rəhbərliyinin salamlarını və xoş arzularını çatdırıb.
Əməkdaşımız deyir ki, ilk dəfə hərbi hissəyə kitab apararkən hərbçilər çox razı qalıb: “Onların ürəkdən sevinmələri dünyalara dəyərdi. Qəlbimdən keçdi ki, digər hərbi hissələrin kitabxanalarına da kitab hədiyyə edək. Bu məqsədlə aksiyamızı davam etdirdik. Tələbələr aksiyada yenə də aktiv iştirak etdilər. Rüfət Həsənli adlı bir tələbəmiz isə aksiyanın daha da səmərəli olması üçün “Kitab klubu” təşkil etdi. Klubun üzvlərinin fəallığı nəticəsində qısa müddətdə 400-ə yaxın kitab toplandı. Yeri gəlmişkən, Rüfətin təşəbbüsü ilə tələbələrimiz əsgərlərimiz üçün yenə kitab toplayırlar.
Laçında hərbi hissələrdə olduq, əsgərlərin şəraiti və qidalanmaları ilə də maraqlandıq. Hər şey yüksək səviyyədə idi. Kitabların arasında Azərbaycanın tanınmış şair və yazıçılarının əsərləri ilə yanaşı, dünya ədəbiyyatından nümunələr də var idi. Həmçinin hər bir əsgərimiz üçün hədiyyə paketi də aparmışdıq.
Bu səfərin təşkilinə görə “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxalıyevaya minnətdarlığımı bildirirəm. Digər tərəfdən, Laçını görmək çoxdankı arzum idi. Vətənimizin gözəlliyinə heyran olmamaq mümkün deyil”.
Məlumat üçün bildirək ki, bu dəfə də tələbələrimiz hədiyyə kitablarda əsgərlərimizə ünvanlanmış ürək sözləri və xoş arzularını yazıb.
Qeyd edək ki, Firəngiz Quliyeva qazilər və şəhid ailələri ilə daim təmasda olduğu üçün müxtəlif təşkilat və ictimai birliklər tərəfindən çoxsaylı təşəkkürnamə və medallarla təltif olunub. Təkcə bu il ərzində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi “Böyük Zəfər” xatirə medalı və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Vətənpərvərlik işində xidmətlərinə görə” medalına layiq görülüb.
F.Quliyeva, həmçinin İradə Əlili, Nuranə Şıxalıyeva və Faiq Hüseynovun müəllifi olduğu, Azərbaycan, ingilis, rus dillərində nəşr edilmiş “Vətənin cəsur döyüşçüləri-2” kitabının məsləhətçilərindən biridir.