Hərbi Tibb Fakültəsində Adyunkt və Hərbi Tibb fakültə rezidentlərinin “44 günlük Vətən Müharibəsinin III ildönümü”nə həsr olunmuş birgə elmi konfransı keçirilib.
Tədbirdə Milli Müdafiə Universitetinin, Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin və Azərbaycan Tibb Universitetinin nümayəndələri iştirak edib. Konfransda ilk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi, həmçinin ərazi bütövlüyü uğurunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himnimiz səsləndirilib.
Milli Müdafiə Universitetinin rektorunun elmi işlər üzrə müşaviri, biologiya üzrə elmlər doktoru Elimxan Cəfərov, Azərbaycan Ordusunun baş terapevti, tibb xidməti polkovniki Natiq İbayev çıxış edib və konfrasın işinə uğurlar diləyiblər.
Hərbi Tibb Fakültəsinin tədris işləri üzrə rəis müavini- şöbə rəisi, tibb xidməti polkovniki Məharət Rzayev çıxışında məlumat verib ki, konfransın gündəliyinə hərbi təbabət istiqamətində 30 adda tezis daxil edilib. Bunlardan da 16-ı hərbi cərrahiyə, 14-ü isə hərbi terapiya ixtisası üzrə olub. Tezisləri təqdim edənlərin 4-ü adyunkt, 6-ı doktorant, 20-i isə rezidentdir. Ümumilikdə qəbul olunmuş tezislərdən 16 adda çıxış planlaşdırılmışdır ki, onlardan da 2-i adyuknt, 1-i doktorant, 13-ü isə rezidentdir.
Konfransda məruzələr dinlənildikdən sonra Milli Müdafiə Universitetinin rektorunun elmi işlər üzrə müşaviri, biologiya üzrə elmlər doktoru Elimxan Cəfərov, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Tibb Hissəsi rəisinin elmi işlər üzrə müavini t.ü.f.d. Rafael Əhmədov və Azərbaycan Tibb Universitetinin (ATU-nun) Mikrobiologiya və İmmunologiya kafedrasının müəllimi, dosent Səidə Hacıyeva çıxış edərək Adyunkt və Hərbi Tibb Fakültəsinin rezidentlərinin elmi konfransının bir qayda olaraq davamlı şəkildə keçirilməsinin vacibliyindən söhbət açıblar. Onlar hərbi tabəbət elminin inkişafı istiqamətində və həmçinin gələcəkdə elmi kardların hazırlamasında rəhbərlik tərəfindən böyük addımların atıldığını vurğulayıblar və bu sahədəki xidmətlərinə görə Hərbi Tibb Fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzova, tədris işləri üzrə rəis müavini, tibb xidməti polkovniki Məharət Rzayevə və tibb xidməti mayoru Bəxtiyar Əliyevə təşəkkürlərini bildiriblər.
Elmi konfransın yekununda çıxış edənlərə xüsusi sertifikatlar təqdim olunub.