Azərbaycan Tibb Universitetinin böyük uğuru
15-16 dekabr 2023-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində tibb elminin fundamental və kliniki fənləri üzrə daxili-distant formatda beynəlxalq tələbə olimpiadası keçirilib. Tədbir Mərkəzi Asiyanın ən qədim tibb universitetində - çoxəsrlik tarixə malik Səmərqəndin yüksək ixtisaslı tibb kadrları hazırlayan Dövlət Tibb Universitetində baş tutub.
Tibb Universiteti Tələbələrinin IV Beynəlxalq “Səmərqənd-2020” Olimpiadasında oflayn formatda 670-dən çox, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Rusiya, Türkiyə və digər ölkələrin 84 tibb universitetindən onlayn formatda 4141 tələbə iştirak edib.
Konfrans, eyni zamanda Youtube portalında yayımlanıb və ZOOM və Moodle proqramları vasitəsilə birbaşa müsabiqələri birləşdirən bir neçə onlayn platforma üzərindən keçirilib. Nəticədə bu mötəbər tədbir dünyanın hər yerindən izləyicilər üçün üçün əlçatan olub.
Olimpiadanın açılış mərasimində çıxış edən Özbəkistanın səhiyyə naziri Emrullah İnayetov iştirakçıları salamlayıb və universitet komandasının tədbirə yüksək səviyyədə hazırlaşdığını qeyd edib. Səmərqənd Dövlət Tibb Universitetinin (SDTU) rektoru, professor Jasur Alimdjanoviç Rizayev beynəlxalq müsabiqəyə dövlət səviyyəsində əhəmiyyət verildiyini vurğulayıb.
Açılışdan sonra olimpiadanın ilk günündə paralel sessiyalarda bütün sahələr üzrə yarışlara start verilib:
1. Müsabiqə iştirakçısı komandaları salamlama roliklərinin nümayişi;
2. Gənc tədqiqatçıların elmi və innovativ layihələri;
3. Yaradıcılıq müsabiqəsi;
4. “Ümumi tibb” ixtisasları,
5. “Fundamental elmlər” ixtisasları,
6. “Stomatologiya” (terapevtik, ortopedik, cərrahi və uşaq stomatologiyası) ixtisasları üzrə müsabiqələr.
Olimpiada çərçivəsində gənc alimlərin elmi-tədqiqat layihələrinin beynəlxalq müsabiqəsi keçirilib, təqdimat müsabiqəsinin şifahi sessiyasında dünyanın müxtəlif universitetlərindən ümumi tibb və stomatologiya ixtisasları üzrə 700-dən çox tələbə iştirak edib.
Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, ATU-nun Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov, Stomatologiya fakültəsi TEC elmi rəhbəri Tainça Talıbova və universitetin 4 tələbəsi təmsil edib. Açılış mərasimində çıxış edən professor R.Bəylərov ölkəmizin şanlı Qarabağ Zəfərindən bəhs edib və Özbəkistanın bu savaşda haqqın yanında olmasının yüksək qiymətləndirildiyini bildirib. O bütün iştirakçıları ATU-nun rektoru, professor G.Gəraybəylinin adından salamlayaraq, SDTU-nun rektoruna xatirə hədiyyəsi təqdim edib.
Olimpiada çərçivəsində elmi-praktik konfrans yüksək səviyyədə keçib, ümumi təbabətin və stomatologiyanın ən son nailiyyətləri müzakirə olunub. Məruzələr rus və ingilis və özbək dillərində hazırlanmışdı.
Yarışların nəticəsinə əsasən, Azərbaycan Tibb Universitetinin tarixində ilk dəfə olaraq beynəlxalq olimpiadada qalibiyyət əldə edilib. Belə ki, II Müalicə-profilaktika fakültəsinin tələbəsi Gülgün Məmmədli I, Stomatologiya fakültəsinin tələbələri Süsən Yaqubova və Emel Mahalova II, I Müalicə-profilaktika fakültəsinin tələbəsi Tamara Mahalova isə III yerə layiq görülüblər.
Şübhəsiz ki, tibb universiteti tələbələrinin IV olimpiadası tibb kadrlarının hazırlanması işinin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin davamlı tədqiqatlara geniş cəlb olunmasına, eləcə də ATU ilə SDTU və digər ölkələrin aparıcı tibb universitetləri və tədqiqat mərkəzləri arasında əməkdaşlığın daha da güclənməsinə öz töhfəsini verəcək.
Beynəlxalq olimpiadada öz əzmkarlığı, zəhmətkeşliyi və yaradıcı elmi fəaliyyəti ilə seçilən, ölkəmizə qalibiyyətlə dönən tələbələrimizi, o cümlədən Tələbə Elmi Cəmiyyətini böyük nailiyyət münasibətilə təbrik edir və gələcəkdə yeni-yeni uğurlar arzulayırıq!