Azərbaycan Tibb Universiteti I Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbələri bu gün Ailə təbabəti kafedrasında “Klinik müayinə bacarıqları” fənnindən imtahan veriblər. Universitetin rektoru, professor Gəray Gəraybəyli imtahanın gedişini izləyib.
İlk dəfə olaraq, OSKİ proqramı ilə tələbələr manikenlərin üzərində müayinələr həyata keçirib. Bu barədə adıçəkilən kafedranın müdiri, professor İbrahim İsayev məlumat verib. O bildirib ki, tələbələrin bu fənnə böyük marağı var, həvəslə öyrənirlər: “Hər qrup iki dəfə gəlməklə, təşkil etdiyimiz treninqlərdə iştirak edib. 3-cü dəfə isə imtahan verdilər. 3-cü kursda qiymətləndirmə 100 balla hesablanır. 10 bal sərbəst işlərə, 10 bal davamiyyətə, 80 bal isə klinik müayinənin aparılmasına görə verilir”.
ATU-nun rektoru tədris olunan fənn, eləcə də imtahan prosesi və yaradılmış şəraitlə bağlı tələbələrlə söhbətləşib, onların fikirlərini öyrənib. Tələbələr treninqlərdən və imtahan prosesindən razı qaldıqlarını bildirib, bəzi təkliflərlə çıxış ediblər.