Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının dosenti, t.e.d, vitreoretinal cərrah Tural Qəlbinur bu günlərdə Pakistanın Lahor şəhərində keçirilən 41-ci Beynəlxalq Oftalmologiya və 7-ci Asiya Sakit Okean regionu ölkələri Travmatoloji Cəmiyyətinin konfranslarında iştirak edib.
Professor Hussain Ahmed Xaqanın dəvəti ilə Pakistanda olan T.Qəlbinur 4 maraqlı mövzu ilə çıxış və 1 paneldə moderator kimi iştirak edib. O, konfransda xüsusi mükafatlarla təltif olunub. T.Qəlbinurun sözlərinə görə, Pakistanda keçirilən tədbir 2023-cü ilin son beynəlxalq oftalmoloji konfransı olub. Ümumiyyətlə, bu il ərzində o, Misir, Qırğızıstan, Özbəkistan, İtaliya və Türkiyədə keçirilən beynəlxalq konfranslara ardıcıl olaraq dəvətli məruzəçi kimi qatılıb. Xatırladaq ki, əməkdaşımız ötən il də Pakistanda keçirilən eyniadlı konfransda dəvətli məruzəçi və moderator kimi Azərbaycanı təmsil edib.
Qeyd edək ki, Tural Qəlbinur 2001-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2002-2005-ci illərdə Türkiyə Cümhuriyyətində Qureba Vəqfi Təhsil və Araşdırma Xəstəxanasının Göz xəstəlikləri kafedrasında, 2006-2008-ci illərdə İsrailin Hadassah-Hebrev Tibb Universitetində və 2008-2010-cu illərdə Kanadanın Toronto Universitetində vitreoretinal cərrahiyyə üzrə təhsil alıb. Azərbaycan Oftalmologiya Cəmiyyətinin, Türk Oftalmologiya Dərnəyinin, Amerika Vitreoretinal Cərrahlar Cəmiyyətinin, Avropa Vitreoretinal Cəmiyyətinin, Misir və digər ölkələrdə fəaliyyət göstərən vitreoretinal cərrahiyyəyə bağlı dərnəklərin üzvüdür.