Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə Azərbaycan Tibb Universitetində universitet rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə geniş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak edib. Həmişə olduğu kimi, bu dəfə də tələbələrimiz öz məharət və bacarıqarını göstərib, tədbir iştirakçılarına mənalı anlar yaşadıblar.
Tədbirin aparıcıları Hərbi tibb fakültəsinin 2-ci kurs tələbəsi Hidayət Kazımzadə, Müalicə-profilaktika fakültəsinin 1-ci kurs tələbəsi Aydan Qocayeva bu dəfəki bayramların Bütövləşmiş Azərbaycanda ilk dəfə qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Buna görə xalqımıza şeirlə gözaydınlığı veriblər:
“Gözün aydın, uca xalqım,
Gözün aydın məmləkətim!
Od millətim, odlar yurdum,
Şir ürəkli cəsur ordum.”
Aparıcılar bildiriblər ki, Vətən müharibəsində Azərbaycan Tibb Universitetinin kollektivi də əlindən gələn köməyi əsirgəməyib. Həkimlərimiz döyüş bölgələrinə ezam olunub, klinikalarımızda qazilərin müayinə və müalicəsi universitetin rektoru, professor Gəray Gəraybəylinin göstərişi ilə ən yüksək səviyyədə təşkil edilib.
Yeni il qabağı tədbir iştirakçılarının əhval-ruhiyyəsinin yüksəldilməsi məqsədilə “Çinar” rəqs ansamblı “Cəngi” rəqsini ifa etmək üçün səhnəyə dəvət alıb. Çöhrələrə təbəssüm gətirən ansambl üzvlərinin rəqsindən sonra tələbələrimiz bir-birindən maraqlı və rəngarəng nömrələrlə çıxış edib.
Fatimə Mirkazımlının pianoda müşayiəti ilə “Şəfa” ansamblının qızlardan ibarət üzvləri “Yurdum, yuvam, məskənimsən, Azərbaycanım” mahnısını ifa ediblər.
Tələbələrdən İctimai səhiyyə fakültəsinin 1-ci kurs tələbəsi Humayxanım Əliyevanın “Ayağa dur, Azərbaycan!”, Stomatologiya fakültəsinin 3-cü kurs tələbəsi Cansu Güzelin “ Daşlı Qala”, “Şəfa” ansamblının fəxri üzvü Nicat Nəsibli və Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Məryəm Nayıbovanın birgə ifa etdiyi “ Al məndən gülüşlərini”, Müalicə-profilaktika fakültəsinin 4-cü kurs tələbəsi Nihad Salahlının ifa etdiyi “Dilbərim” mahnısı tamaşaçıları kövrək hisslərlə kökləyib.
Müalicə-profilaktika fakültəsinin tələbələri Nicat Əhmədov və Ülkər Gülmalıyevanın dueti də maraqla qarşılanıb. Cütlük “Yoxmuş etibarın” mahnısını gözəl ifa ediblər.
Yenə həmin fakültənin 5-ci kurs tələbəsi Minayə Yusifova ifa etdiyi “Ay Laçın” ilə isə bir anlığa Laçınımızın və digər işğaldan azad olunmuş torpqlarımızın nə qədər qiymətli olduğunu onu dinləyənlərə bir daha xatırlatmalı olub.
Qardaş Türkiyədən olan tələbəmiz Sezər Keliyin ifa etdiyi “Bil oğlum”u iki qardaş xalqın birliyinin möhtəşəmliyini təkrar diqqətimizə çatdırıb.
Əczaçılıq fakültəsinin 3-cü kurs tələbəsi Sona Əkbərlinin səsləndirdiyi “Can Azərbaycan”ı zalda əyləşən tələbələrdə böyük coşqu yaradıb. Onlar ifaçıya qoşulub “Can Azərbaycan”ı birgə ifa ediblər.
Məryəm Nayıbovanın təkrar ifası isə tədbirə əlavə gözəllik qatıb. Oxuduğu “Yaşa, mənim xalıqm” mahnısı alqışlarla qarşılanıb.
Tədbir zamanı Şanlı Ordumuzun daha da inkişaf etməsində, hərbi həkimlərin vətənpərvərlik ruhunda yetişməsində zəhməti olan Hərbi tibb fakültəsinin bir qrup müəllimi də mükaflandırılıb.
Mükafatlar universitetin rektoru, professor Gəray Gəraybəyli və Həmkərlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov tərəfindən tibb xidməti polkovniki Məharət Rzayevə, tibb xidməti polkovnik-leytenantı Ramin Əliyevə, tibb xidməti polkovnik-leytenantı Vəli Qazıyevə, tibb-xidməti polkovnik-leytenantı Adil Hüseynova, tibb xidməti polkovnik-leytenantı Anar Mehrəliyevə təqdim olunub.
Tədbirdə Qərbi Azərbaycanımıza qayıdış məsələsinə də toxunulub, soydaşlarımızın tarixi Azərbaycan torpaqları olan İrəvanımıza, Göyçəmizə, Zəngəzurumuza və digər yurd yerlərinə dönəcəkləri böyük inam hissi ilə qeyd edilib.
Vətən nəğməsi ilə başlayan tədbir, Ülkər Gülmalıyevanın ifası ilə - Vətən nəğməsi ilə də sona çatıb:
“Bilir ərlər, ərənlər,
Vətəndən pay olmayır.
Ömürdən pay verərlər,
Vətəndən pay olmayır!”