Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klnikasının IV mərtəbəsində yerləşən Uşaq cərrahiyyəsi şöbəsində kitabxana guşəsinin açılışı olub.
Açılışda Uşaq cərrahlığı kafedrasının, klinikanın əməkdaşları və Azərbaycan Uşaq Cərrahları assosiasiyasının bir qrup üzvü iştirak edib.
Açılış nitqi ilə Uşaq cərrahiyyəsi kafedrasının müdiri, əməkdar həkim, Prof. Ramiz Poluxov çıxış edərək uzun illər idi ki, belə bir guşə yaratmaq arzusunda olduqlarını bildirib: “Təqaüdə çıxan və dünyasını dəyişən əməkdaşların kitabları kafedraya hədiyyə edilirdi və xüsusi guşə olmadığı üçün kitablar gənc həkimlərə verilirdi. Amma artıq kiçik də olsa guşə yaratdıq və bu guşəni genişləndirərək kitabxanaya çevirəcəyik. Nəticədə tələbələr, rezidentlər və eləcə də həkimlərimiz üçün istənilən vaxt uşaq cərrahiyyəsinə dair bütün ədəbiyyatlar əlçatan olacaq”.
Qeyd edək ki, bu güşənin yaranmasına, kafedrada və universitetin ictimai işlərində böyük əməyi olan Prof. Elmira Pənahovanın kitablarının, qızı, Tədris Cərrahiyyə Klinikasının qəbul və tibbi koordinasiya şöbəsinin müdiri Lamiyə Məmmədova tərəfindən kafedraya bağışlanması xüsusi bir təkan verib. Hazırda guşədə uşaq cərrahiyyəsinin və təbabətin bütün sahələrini əhatə edən 200-dən çox çeşiddə kitab var ki, bunlardan 170-dən çoxu Elmira xanımın kitablarıdır.
Tədbirdən sonra uşaq cərrahlarının iştirakı ilə Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının ümumi iclası keçirildi. İclasda, assosiasiyanın 30 iyun 2010-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini vurğulandı. Daha sonra açıq səsvermə ilə assosiasiyanın strukturunda dəyişikliklər və idarə heyətinin tərkibi seçildi. İclasın sonunda 2024-cü ildə keçiriləcək konfranslar və tədbirlər planı ətraflı müzakirə olundu.