ATU-nun Hərbi tibb fakültəsinin rezidentura və tibb heyətinin təkmilləşmə kursunda hərbi biliklərə yiyələnən və tibb sahəsində ixtisaslaşaraq yeni təyinat alıb ordu sıralarına yollanan məzunların növbəti buraxılışı olub.
Toplantı iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Bundan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və fakültənin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov təhsil aldıqları müddətdə çalışqanlığı, nizam-intizamı, yüksək əxlaqi tərbiyə və mənəvi dəyərləri ilə seçilən məzunları təbrik edib və bildirib ki, hazırda rezidentura təhsilini 26 məzun başa vurur.
Sözünə davam edən polkovnik vurğulayıb ki, rezidentlərə peşəkar mütəxəssislərin təhsil proqramlarına uyğun olaraq dərs keçilib və məhz bu nöqteyi-nəzərdən onların hazırlığının yüksək səviyyədədir. O, söyləyib ki, rezidentlərimiz hazırda Respublikamızın xəstəxanalarında və diaqnostika mərkəzlərində yalnız əsgər və zabitlər, həmçinin onların ailə üzvləri ilə yanaşı, əhalinin digər təbəqələrinə də yüksək səviyyəli tibbi yardım göstərirlər. Fakültə rəisi hazırlıq səviyyəsinə güvəndikləri rezidentlərin Milli Ordumuzda şərəflə xidmət edəcəklərinə əminliyini ifadə edib və onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.
Toplantıda çıxış edən Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Vüqar Mürsəlov gənc həkim-rezidentləri Azərbaycan Ordusunda xidmətə başlamaları münasibətilə təbrik edib və onların hər birinə uğurlu fəaliyyət arzulayıb.
Məzunlar adından çıxış edən rezident Fərid Eldarlı bu əlamətdar gündə onlara dəstək olan hər kəsə, xüsusilə də Hərbi tibb fakültəsinin kollektivinə təşəkkürünü bildirib. O, qeyd edib ki, həm həkimlik, həm də müəllimlik şərəfli peşədir.
Sonra Hərbi tibb fakultəsinin kadrlar rəisi, mayor Çinarə Qasımova 2022/2023-cü tədris ili üçün yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirmiş şəxslərə müvafiq ixtisaslar üzrə həkim-mütəxəssis ali peşə dərəcəsi və diplomun verilməsi barədə Səhiyyə Nazirliyinin, həmçinin ATU-nun Hərbi tibb fakültəsinin rezidentura və təkmilləşmə kursunu bitirmiş zabitlərin müvafiq vəzifələrə təyin olunması haqqında Müdafiə Nazirliyinin əmrlərini oxuyub.
Buraxılış mərasimi Hərbi tibb fakültəsi rəisinin məzun rezidentlərə plaketlərin təqdim olunması və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Tədbirdə Müdafiə və Ədliyyə nazirliklərinin Baş Tibb idarələrinin və Müdafiə nazirliyinin Baş Klinik Hospitalının heyəti, Milli Müdafiə Universitetinin və Hərbi tibb fakültəsinin professor- müəllim heyəti, eləcə də ATU-nun Rezidentura və Magistratura şöbəsinin müdır müavini assistent Namiq Xəlilov iştirak edib.