Bu tədris ilində də əcnəbi tələbələrin sayına görə ATU ölkə üzrə liderdir
Dekabrın 26-da “Azərbaycanda beynəlxalq təhsil imkanları” adlı forum keçirilib. Forumda Elm və Təhsil, Xarici İşlər nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, həmçinin ali təhsil müəssisələrinin rəhbər şəxsləri, beynəlxalq ekspertlər və əcnəbi tələbələr iştirak ediblər. Tədbirdə Azərbaycan Tibb Universitetini Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev təmsil edib.
2023-2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabat forum iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan Tibb Universiteti öncəki illərdə olduğu kimi, bu tədris ilində də əcnəbi tələbələrin sayına görə ölkə üzrə liderliyini qoruyub saxlayıb. Qeyd edək ki, hazırda ATU-da 55 ölkədən 2900-ə yaxın əcnəbi vətəndaş təhsil alır.
Forumda, həmçinin “Əcnəbi vətəndaşların cəlbinin təşviqi və təşkili” və “Beynəlxalq reytinq cədvəllərində iştirak və proqramların akkreditasiyası” mövzularına həsr olunan panellərdə yerli və beynəlxalq ekspertlər çıxışlar edib, panellər maraqlı müzakirələrə səbəb olub. Prorektor Orxan İsayev öz çıxışında beynəlxalq reytinqlər, yerli universitetlərin bu reytinqlərdə iştirakı, Azərbaycan Tibb Universitetinin beynəlxalq akkreditasiya təcrübəsi, keçilən mərhələlər və akkreditasiyanın universitetə qazandırdığı üstünlüklər haqqında öz fikirlərini panel iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda 2023-cü il üçün Fəaliyyət Planı üzrə əcnəbilərlə iş sahəsində fərqlənən universitetlərin reytinq cədvəli açıqlanıb və fərqlənən universitetlər təltif olunub. 15-dən çox meyar üzərindən tərtib edilən reytinq cədvəlində Azərbaycan Tibb Universiteti ilk yeri tutub və bu uğuruna görə Elm və Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb. Həmçinin, ATU-nun məzunu Drickesha Latecia Yasha Aska təhsil müddətində ictimai fəallığı ilə fərqləndiyinə görə Elm və Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif olunub.