Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rentgenoloq-radioloq, tibb elmləri doktoru, professor Bahadur Baxşıyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. "Qaranlıqlara işıq tutan ömür” mövzusunda elmi-praktik konfransda tanınmış alim B.Baxşıyevin Azərbaycanda radiologiya elminin inkişafındakı xidmətlərindən söz açılıb.
Açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetdə belə yubiley konfranslarının təşkilinin artıq ənənə halını aldığını vurğulayıb. Bu tədbirlərin əsas məqsədinin görkəmli alim və professorların anılması ilə yanaşı, gənc həkimlərə həmin elm fədailərinin həyatını, keçdiyi yolu aşılamaqdan ibarət olduğunu qeyd edib: “Uzun illər ATU-nun radiologiya və rentgenologiya kafedrasının müdiri olan Bahadur Baxşıyevin Azərbaycanda rentgenoloq-həkim ordusunun yetişdirilməsində və inkişafında, bu sahənin ən böyük nailiyyətlərinin ölkəmizdə tətbiq edilməsində müstəsna xidmətləri olub. Onun müəllifliyi ilə ana dilimizdə ilk dərsliklər yazılıb, rəhbərliyi altında doktorluq və namizədlik dissertasiyaları müdafiə olunub. Bahadur Baxşıyev öz namizədlik və doktorluq dissertasiyalarını Moskvada Rentgen və Radiologiya İnstitutunda vaxtından əvvəl müdafiə edib və ölkəmizdə bu sahənin öndərlərindən biri olub. Güman edirəm ki, professorun əziz xatirəsinə həsr olunan bugünkü konfrans nəinki radiologiya sahəsi, bu sahə ilə bağlı olan digər mütəxəssislər üçün də faydalı olacaq". Rektor G.Gəraybəyli hər kəsin sevimlisi olan Bahadur Baxşıyevin universitetin həm ictimai həyatında, həm də elmi fəaliyyətində silinməz iz qoyduğunu bildirib.
ATU-nun Şüa diaqnostikası və terapiya kafedrasının müdiri, professoru Məlahət Sultanova müəllimi Bahadur Baxşıyevın həyatını “Qaranlıqlara işıq tutan ömür” kəlməsinin çox aydın şəkildə tərənnüm etdiyini vurğulayıb. O, Azərbaycanda rentgenologiya məktəbi yaradıcısı olan, peşəkar mütəxəssislər yetişdirən B.Baxşıyevin həyatı və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Professor B.Baxşıyevin 300 elmi əsərin, 15 ixtiranın və səmərələşdirici təklifin, 13 monoqrafiya və dərsliyin müəllifi olduğunu, 1976-cı ildə ilk dəfə Azərbaycan dilində Rentgenologiya və Radiologiya üzrə dərslik yazdığını qeyd edib. O, Moskvanın Rentgen və Radiologiya İnstitutunda 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə edib və tibb elmləri doktoru alimlik adına layiq görülüb. Bahadur Baxşıyev Azərbaycan Respublikasında rentgenologiya və radiologiya sahəsində tibb elmlər doktoru adına layiq görülən ilk azərbaycanlı alimdir. M.Sultanova görkəmli alim və bacarıqlı pedaqoq B.Baxşıyevin səriştəli təşkilatçılıq xüsusiyyətlərinə görə qayğıkeş və bacarıqlı dekan kimi tələbələri, həmkarları arasında dərin hörmət və rəğbət qazandığını da bildirib.
Professora həsr olunmuş "Təbabətin Bahaduru" filminin nümayişindən sonra onu yaxından tanıyanlar, tələbələri çıxış edərək xatirələrini bölüşüblər.
Konfrans öz işini sessiyalarla davam edib, kliniki məqamlarda radioloji müayinələrin vacibliyi, radiodiaqnostik müayinələrə həsr olunmuş məruzələr və çıxışlar baş tutub. Sonda konfrans çərçivəsində invaziv radioloqlar tərəfindən təcrübələrini bölüşüblər.
Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyi tərəfindən 7 kredit balı ilə akkreditasiya olunub.