Azərbaycan Tibb Universitetinin məzunları dünyanın dörd bir yanında uğurla həkim kimi işləyib insanların sağlamlığının qorunmasını işində bacarıqların nümayiş etdirirlər. Onlardan biri də ATU-nun rezidentura pilləsinin məzunu, hazırda Niderlandda işləyən Nərgiz Axundovadır. O, əvvəlcə Almaniyada həkim kimi fəaliyyət göstərməyi planlaşdırsa da, ailə qurması ilə əlaqədar Niderlanda köçüb. Dediyinə görə, bu cür inkişaf etmiş bir ölkədə təcrübə olmadan işə başlamaq çox çətin və əziyyətli bir yoldur və bu məsələdə ona ATU ona dayaq olub.
- Azərbaycan Tibb Universitetinin rəhbərliyi bu prosesdə mənə çox böyük dəstək göstərdi, ən qısa zamanda bütün zəruri sənədlərim hazır oldu, sonradan onları tərcümə elətdirib imtahanlardan keçdim. Yalnız zəruri prosedurları uğurla başa vurduqdan sonra həkim işləməyə başladım. Niderland mənim ilk iş ölkəm oldu. Çünki Azərbaycanda hələ işləməyə başlamamışdım. ATU-da bakalavr təhsilimi bitirəndən sonra, rezidenturaya qəbul olmuş, buranı bitirən kimi isə xaricə köçmüşdüm.
-Niderlandda hansı sahə üzrə işləyirsiniz, ixtisasınız nədir?
-Azərbaycanda məhkəmə tibbi ekspertiza üzrə, pataloqoanatom kimi təhsil almışam. Lakin Niderlanda köçdükdən sonra ixtisasımı dəyişməyə, həmin ölkədə daha geniş yayılmış və daha maraqlı olan ixtisası seçmək qərarını verdim. İmtahanlardan keçdikdən sonra hələlik ümumi terapevt kimi fəaliyyət göstərirəm. Lakin bir neçə il ərzində kifayət qədər təcrübə topladıqdan sonra Ailə həkimi olmaq üçün müraciət edəcəyəm. Bu sahə mənə daha maraqlı görünür. Bunun üçün yalnız müsahibədən keçəcəyəm. Yüksək nəticə göstərə bilsəm, artıq ailə həkimi kimi işləyib təhsil alacağam.
-Azərbaycandan kifayət qədər fərqlənən cəmiyyətə inteqrasiya olmaq, hətta burada həkim kimi birbaşa insanlarla işləmək çətin deyildi ki?
-Biz Amsterdamda yaşayırıq və bu şəhəri, ümumiyyətlə ölkənin özünü çox bəyənirəm. Buna baxmayaraq, Azərbaycanı ürəkdən sevən bir insan kimi Vətənim üçün darıxıram, hər zaman Bakıya sevinc içində gəlirəm.
Hər bir ölkədə olduğu kimi Niderlandda yaşayışın da özünün müsbət və mənfi tərəfləri var. İşə gəlincə, Niderlandda təcrübə əldə etmək üçün böyük imkanlar var. Təcrübəli həkimlər sənə qüvənir və işi sənə tapşırır. Bu ölkənin səhiyyə sistemi tamamilə fərqlidir. Tam razı olduğum. Amma eyni zamanda razı qalmadığım məqamlar da var. Əsas odur ki, oxuduğun zaman sən hər şeyi öyrənirsən.
-Bu ölkədə, ümumiyyətlə Avropada təhsilini davam etdirmək istəyən gənclərə nə məsləhət verə bilərsiniz?
-Burda təhsildə daha çox praktikaya diqqət yönəldilir ki, bu da gələcəkdə işə başlayanda çox kömək olur. Əlbəttə, praktikanın çox olması səhvlərdən xilas etmir. Bununla belə, gələcəyin həkimləri üçün təcrübənin çox olması onların daha tez müstəqil işə başlamasına köməkdir. Hətta təcili tibb xidməti üzrə də işləyib təcrübə qazanırlar.
Ümumiyyətlə, qeyd edim ki, ATU-nun bir neçə ixtisası beynəlxalq akkredisayadan keçib. Bununla yanaşı, Avropa İttifaqına üzv olmayan digər digər ölkələr kimi bizim məzunlar da burada iş üçün zəruri imtahanlardan keçməlidirlər.
Gələcəkdə müəyyən qədər bilik və təcrübə topladıqdan sonra Azərbaycana dönüb orada topladığım praktikanı Vətənimdə tətbiq etmək, tibb dünyasında tətbiq olunan yeni innovativ metodları Azərbaycanda da tanıtmaq haqqında danışmaq olar.