Məlum olduğu kimi, Azərbaycan Tibb Universiteti əcnəbi tələbələrin sayına görə ölkə üzrə yenə birincidir. ATU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanı, dosent Natiq Bayramov universitetin hazırlıq kursuna, eləcə də I kursa qəbulun ötən il iyul ayının 1-ci həftəsindən başladığını bildirib.
Onun sözlərinə görə, sentyabrın 15-də I kurslara qəbul tamamlansa da, hazırlıq şöbəsinə qəbul dekabrın 25-ə qədər davam edib. Belə ki, 609 nəfər əcnəbi vətəndaş skayp vasitəsilə müsabiqədən keçərək universitetimizin hazırlıq şöbəsinə qəbul olunub. 609 nəfərdən 510 nəfər artıq sənədlərini dekanlığa təqdim edərək təhsil haqlarını ödəyib, eyni zamanda sağlamlıq sığortası məsələsini həll edib. Yanvar ayının 15-dən dərslərə start verilib. Hazırlıq şöbəsində ilkin olaraq mart ayına qədər Azərbaycan dili və ingilis dili fənləri tədris ediləcək. Bundan sonra isə digər fənlər - biologiya, kimya və fizika əlavə olunacaq. 6 ay müddətində kursu bitirən dinləyicilər üçün qəbul imtahanı keçiriləcək. Bu imtahandan müvəffəq qiymət alanlar I kurs tələbəsi hesab olunacaqlar.