ATU-nun Tədris Cərrahiyyə Klinikasının Mərkəzi Laboratoriya şöbəsi Rezidentura və Magistratura şöbəsi ilə birgə seminar keçiriblər. İştirakçiları salamlayan tədbirin moderatoru, assistent Namiq Xəlilov növbəti dəfə baş tutan seminarın laborator müayinəyə həsr edildiyini və bu laboratoriyanın xəstələrə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, həm də yüksək ixtisaslı kadrların hazırlanması işini həyata keçirdiyini bildirib.
"Klinik laborator diaqnostikada Pre-analitik prinsiplər" mövzusunda çıxış edən TCK-nın Mərkəzi Laboratoriyasının həkimi Bəsti Məmmədova burada yaradılan şəraitdən və imkanlardan, həmçinin pasientlərin laborator müayinəyə gələrkən nələri bilmələri, mövcud metod və qaydalardan necə istifadə etmələri, eləcə də analizləri günün hansı saatında verə biləcəkləri barədə ətraflı məlumat verib: “Laboratoriyamız dünyanın müasir texnologiyalarını özündə cəmləşdirən, Almaniya, Yaponiya, ABŞ və Avropanın istehsalı olan referans cihazlarla təchiz olunub. Müayinələr müasir biokimyəvi analiz metodlarını özündə cəmləşdirən rəhbərliklər və CLSI (Clinical Laboratory Standarts Institute) standartları əsasında icra olunur”.
B. Məmmədova laboratoriyada aparılan yeniliklərdən danışıb: “Pasientlər analizi verməzdən əvvəl oturaraq 15-20 dəqiqə istirahət etməsi vacibdir: “Klinikanaya müraciət edən xəstələrin təxminən 80%-ində laborator analizlər verilir. Xəstələrin diaqnozunun qoyulması 60-70% laborator nəticələrə əsaslanır. Laboratoriyada ən qısa müddətdə nəticə vermək üçün lazımi sistemlər işlənib hazırlanmışdır. Nəticələrin daha tez verilməsi üçün əməkdaşlar məcbur edilməməlidir. Çünki daha tez nəticə istəmək mövcud xətanı artırır və xəstənin sağlamlığı üçün təhlükəli nəticələrə səbəb ola bilər”.
Sonra mövzu ətrafında çıxış edən TCK-nın Mərkəzi Laboratoriyasının müdiri Elxan Nağıyev laboratoriyanın analiz nəticələrinin daha dəqiq və düzgün verilməsi üçün vacib olan pre-analitik mərhələnin prinsiplərindən söhbət açıb.
Sonda iştirakçıların mövzu ilə bağlı verdikləri suallar məruzəçi tərəfindən cavablandırılıb. Tədbirdə klinikanın rezidentləri və tələbələri iştirak ediblər.