Yanvarın 19-da Azərbaycan Tibb Universitetində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Toplantını giriş nitqi ilə açan ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev universitetimizdə 20 Yanvar faciəsinin təkcə ümummilli hüzn günü kimi deyil, həm də bir qürur günü kimi qeyd edildiyini vurğulayıb. Hələ 20 Yanvar faciəsindən əvvəl Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə aparması haqqında xəbərlərin Moskvanı narahat etdiyini xatırladan S. Əliyev bildirib ki, o vaxta qədər Qazaxıstanda, Gürcüstanda və Pribaltikada lokal qırğnlar törədilmişdi: “Ona görə də xalqımız təsəvvür etməzdi ki, bu hadisələrdən sonra ardıcıl olaraq Azərbaycanda böyük miqyaslı qırğınlara rəvac verilsin. Çox təəssüf ki, həmin dövrdə respublikamızda bir hakimiyyət boşluğu da vardı. Rəhbərliyi təmsil edən şəxslər həddindən artıq qətiyyətsizlik göstərir, sovet qoşunlarının Bakı ətrafında yerləşdirilməsinə göz yumurdular və yaxud çıxış yolu tapmaq iqtidarında deyildilər. Eyni zamanda yüksək çinli sovet hərbçilərinin, məmurlarının Azərbaycanda ciddi fəaliyyətə başlamasının qarşısını ala bilmirdilər”.
Ancaq bütün tarixi dövrlərdə Azərbaycan xalqının öz qürurunu, mətinliyini qoruduğunu söyləyən S. Əliyev vurğulayıb ki, nə qədər faciələrlə üzləşsək də, böyük bir imperiya nə dilimizi, nə mənəviyyatımızı, nə adət-ənənəmizi əlimizdən almağı bacarmayıb. Məhz bu qürurun, mətinliyin nəticəsi idi ki, xalqımızın cəsur övladları imperiyanın silahlı qüvvələri qarşısında mərdliklə dayandılar, ölümün gözünə dik baxdılar. Sözünə davam edən prorektor 20 Yanvar faciəsinin baş vermə səbəblərini və onun unudulmaz dəhşətlərini bir daha yada salaraq, həmin gün Azərbaycan xalqının cəsarətli övladlarının göstərdiyi şücaətdən qürurla söz açıb: “Həmin hadisələrdən bizi 34 il ayırsa da, o dəhşətli günləri unutmaq mümkün deyil. Çünki 20 Yanvar bizim tariximizə faciə ilə yanaşı, həm də igidlik, qəhrəmanlıq səhifəsi kimi daxil olub. Xalqımız öz canı-qanı bahasına azadlığına qovuşub”.
Professor S. Əliyev törədilən bu qanlı hadisələri Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı və insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirib: “Ümummilli Lider Heydər Əliyevin sayəsində dünya bu faciədən xəbər tuta bildi. Ulu Öndər həyatını riskə ataraq ailə üzvləri ilə birgə Moskvada keçirdiyi mətbuat konfransında dünyanın nüfuzlu xəbər agentliklərinə bu haqda məlumat verdi”.
Çıxışında qanlı 20 Yanvar hadisələri zamanı Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin, tələbələrinin, xüsusilə cərrahların fədakarlığına da toxunan S. Əliyev, gənclərin vətənpərvərlik ruhunda yetişməsində müəllimlərimizin xüsusi rolundan da danışıb. O, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında gənclərimizin şanlı tarix yazdığını deyib.
Bundan sonra həm hüzn, həm də qürur günümüz olan 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Anım tədbirində çıxış edən I Cərrahi xəstəliklər kafedrasının professoru Fariz Camalov şahidi olduğu hadisələrlə bağlı təəssüratlarını bölüşüb. O, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini xatırladıb və bu qanlı faciənin heç zaman unudulmayacağını, şəhidlərimizin xatirəsini yaşatmağın hər birimiz üçün vacib missiya olduğunu söyləyib.
Daha sonra II Müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Aytac Şükürlü və Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Teatr Klubunun nümayəndəsi Şəlalə Quliyeva çıxış edərək, bildiriblər ki, bu gün biz Vətənimizin havasından, suyundan, daşından, torpağından didərgin düşməmişiksə, ilk növbədə şəhidlərimizə borcluyuq: “Onlar oldu yağının qarşısında dağ kimi duran. Onlar oldu bir saniyə düşünmədən canını sipər edən. Onlar oldu arxada ailə qoyub, ana yurdun uğrunda şəhid olanlar. Biz onların haqqını ödəyə bilmərik. Onları unutmayaraq, Vətənimizə sahib çıxaraq, ölkəmizin bayrağını ən yüksək zirvələrdə ucaldaraq, ölkəmizin adını ən şərəfli siyahılarda birinci tutaraq yad edə bilərik. Bu xalq heç nəyi unutmur, unutmayacaq və unutdurmayacaq”.
Tələbələrin ifasında səslənən şeirlər də tədbir iştirakçılarına təsirli anlar yaşadıb.