Azərbaycanda gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştiraka təşviqi, elm, təhsil, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə onların xidmətlərinin qiymətləndirilməsi istiqamətində çox böyük işlər görülür. Məhz bu siyasətin nəticəsində müxtəlif sahələrdə uğur qazanan, ölkəmizi layiqincə yerli və beynəlxalq platformalarda təmsil edən gənclərin sayı ildən-ilə artır.
Azərbaycan Tibb Universitetinin tələbələri arasında da fərqli sferalarda nailiyyət qazanan gənclər çoxdur. Onlardan ikisi - ATU-nun İctimai səhiyyə fakültəsinin Tələbə Həmkarlar İttifaqı sədri, 4-cü kurs tələbəsi Solmaz Hüseynova və ATU-nun Tələbə Gənclər Təşkilatının sədri, Məhəmməd Məmmədov Gənclər Günü münasibətilə təltif olunublar. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bayram tədbirində rayonun ictimai-siyasi həyatında aktiv olan təhsildə fərqləndiklərinə görə ATU-nun bu tələbələrinə Fəxri Fərman və hədiyyələr təqdim olunub. Təltif olunan tələbələrimizi təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq!