ATU-nun rektoru, professor Gəray Gəraybəyli gəncləri təbrik edib
 
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Azərbaycan Gəncləri Günü münasibəti ilə tələbələri təbrik edib. Təbrikdə deyilir:
Əziz tələbələrimiz!

Bu gün sizin bayramınızdır. Bu əlamətdar tarix gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, Azərbaycan Gəncləri Günü təsis edilib. 

Ulu Öndər Heydər Əliyev gənclərə qayğı siyasətini daim dövlətin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib, gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayıb. Bu sənədlər sırasında gənclərin sosial problemlərinin həlli, təhsil məsələləri, gənclərin ictimai fəaliyyətinin gücləndirilməsi və digər məsələlər yer alıb. O, gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə də xüsusi önəm verirdi. 

Ulu Öndərin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz bu siyasətin nəticəsi, dövlət başçısının gənclərə etimadı artıq öz təsdiqini tapıb. Belə ki, 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmağımızda məhz vətənpərvər gənclərin böyük rolu oldu. Hazırda ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələdə davam edir.

Bu il biz Gənclər Gününü digər əlamətdar bir tarix – 7 fevral prezident seçkiləri ərəfəsində qeyd edirik. Düşünürəm ki, Azərbaycanın müstəqillik tarixində öz sözünü deyəcək bu seçkilərdə gənclər ən fəal iştirakçılar olacaq, dövlətimizin müstəqilliyinə və parlaq gələcəyinə səs verəcəklər.   

Hər birinizi Gənclər Günü ilə əlaqədar təbrik edir, sizə möhkəm cansağlığı, gələcək karyeranızda uğurlar və nailiyyətlər arzulayıram!